Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.
Bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
O bildirib ki, artıq səsvermə başa çatıb:
“Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib bir saat ərzində elan olunacaq”.///unikal
13:08
Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.
Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.
Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.
Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
11:05
Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər təklif edilir.
Bununla bağlı məsələ Azərbaycan jurnalistlərinin VIII qurultayının gündəliyinə daxil edilib.
Təklif olunan dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.
Nizamnamənin hazırkı variantı isə belədir: “İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və altı ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, yeddisi ictimaiyyətin, beşi internet portallarının nümayəndəsi, ehtiyat üzvlərin isə ikisi jurnalistika, ikisi ictimaiyyətin, ikisi internet portalların nümayəndəsi olmalıdır”.///report
10:15
Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb.
“Report”un xəbərinə görə, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.
Daha sonra isə hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
09:08
Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.
Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.
Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.
Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.///report