Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabad, Lerik və Astaradan olan şəhidlər dəfn edilib - <font color=red><b>FOTO</b></font>

18:28 - 16 Sentyabr 2022 tarixində dərc olunub.

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Cəlilabad rayonu Göytəpə şəhər sakini, Kəlbiyev İsa Rəhim oğlu dəfn olunub.

APA-nın məlumatına görə, şəhidlə əvvəlcə rayonun Göytəpə şəhərində vida mərasimi keçirilib.

Daha sonra şəhid Göytəpə qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid İsa Kəlbiyev 2002-ci ildə Cəlilabad rayonunda anadan olub.

Ermənistanın Azərbaycan sərhədlərində törətdiyi təxribat nəticəsində həlak olan, şəhid leytenant Vüsal Bəxtiyar oğlu Məlikov da doğulduğu Lerik rayonu, Almu kəndində torpağa tapşırılıb. Vüsal Məlikov Vətən müharibəsindən iştirakına görə medallarla təltif edilib.

Astara şəhər sakini, 2003-cü il təvəllüdlü Cəmil Anar oğlu Qurbanzadə isə böyüyüb boya-başa çatdığı Astara şəhərində dəfn edilib.

Şəhidin nəşi şəhər mərkəzində qarşılanıb, vida üçün doğulduğu evinə aparılıb. Sonra şəhidin cənazəsi şəhər qəbiristanlığına gətirilib, namaz qılınıb və torpağa tapşırılıb.

Qeyd edək ki şəhid Cəmil Qurbanzadə Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. O, iki bacının tək qardaşı idi. Oktyabr ayında hərbi xidmətdən tərxis olunub ehtiyata buraxılacaqdı.

 

Müəllif: