Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın fəaliyyəti elmi meyarlar üzrə yüksək qiymətləndirilən elmi mərkəzləri

21:56 - 2 Sentyabr 2022 tarixində dərc olunub.

Onlar həm dünya elminə, həm ölkə iqtisadiyatına və onun müdafiə qüdrətinin artırlmasına töhfə verirlər

Yaxşı xatırlayıram: təxminən 10 il bundan əvvəl olardı ki, Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Sabaha doğru” verilişinə gənc alim kimi dəvət olunmuşdum. Mövzu gənc alimlərin əldə etdiyi elmi nailiyyətlərə həsr olunmuşdur. O zaman televiziya buraxılış iki giriş qapıdan həyata keçirilirdi. Birindən televiziyanın rəhbərliyi, hökumət rəsmiləri – nazirlər, komitə rəhbərləri, millət vəkilləri, ikinci qapıdan isə digər əməkdaşlar və sıravi qonaqlar daxil olurdu. Mühafizə xidmətinə yaxınlaşıb özümü təqdim etdim və ikinci girişdən daxil olmaq istəyəndə mühafizə polisi – “müəllim alimlər bizim ən hörmətli ziyalılarımız, ən dəyərli qonaqlarımızdır. Siz də birinci qapıdan daxil ola bilərsiniz”. Bəli, bu televiziyanın rəhbərliyindən tutmuş mühafizə polisinə qədər onların elm adamlarına verdiyi qiymətin əyani nümunəsi idi. Təsəvvür edin, o zamanlar AzTV, İTV, SpaceTV və digər dövlət və özəl televiziyaların yayımladığı əksər proqramlarda müxtəlif elmi tədqiqat institutlarında çalışan alim və mütəxəssislər əsas qonaq qismində dəvət olunurdu. Hər bir institutda rüb, yarım il və il ərzində əldə olunan mühüm elmi nəticələr ilk dəfə televiziyaların efirindən səsləndirilirdi. Bundan başqa ayrı-ayrı görkəmli alimlərimizin akademik fəaliyyətlərilə bağlı maraqlı xüsusi buraxılışlar hazırlanıb yayımlanırdı ki, həmin verilişlər də gənclərimizin mariflənməsində, onların elmə cəlb olunmasında həlledici rol oynayırdı. Şəxsən özüm gənc alim kimi müxtəlif televiziyaların elm, təhsil, mədəniyyət, gəncliklə bağlı efirə gedən əksər verilişlərində mütəxəssis rolunda iştirak etmişəm. Elə olurdu ki, televiziyanın eyni gündə bir verilişindən çıxıb, digərinə dəvət olunurduq. Dəfələrlə dövlət televiziyasının “Səhər” proqramının canlı yayımında əldə etdiyimiz mühüm fundamental və tətbiqyönlü elmi nəticələrdən bəhs etmişik, laboratoriya miqyasında praktik nəticələri əyani nümayiş etdirmişdik. Bəzən olurdu ki, çəkiliş qrupları gəlib tədqiqat müəssisəsinin özündə - ayrı-ayrı laboratoriyalarda tədqiqat proseslərini lentə alıb, bir-birindən maraqlı reportajlar yayımlayırdılar. Eyni zamanda müzakirəyə çıxarılan aktual mövzularla, gündəmdə olan problemli məsələlərə münasibət bildirmək üçün də mütləq ekspert qismində müvafiq sahələr üzrə ixtisaslaşmış alimlərimizin fikirləri öyrənilirdi. Çünki heç bir sübuta ehtiyacı olmayan bir aksioma vardır ki,  dünyanın hər bir yerində elm adamının fikirləri ən etibarlı informasiya mənbəsi hesab olunur. Bəs, sonra nə baş verdi?

Bunu televiziya rəhbərləri bilməmiş deyil. İndi biz soruşuruq, birdən nə oldu ki, elm adamlarının, xüsusən də gənc alim və mütəxəssislərinin televiziyalara yolları kəsildi, onların yeri isə televiziya daha çox reklam və pul gətirən ucuz, bayağı musiqi və şou nümayəndələrinə verildi. Elm, təhsil və innovasiyalarla bağlı verilişlər efirdən tamamilə qaldırıldı. Elə bu da elm adamlarına dəyişən münasibətinin təzahürü deyilmi, bəs nədir? Ona görə də istər televiziyalar, istərsə də çap və ya elektron mətbuat olsun, əksər kütləvi informasiya vasitələrində “Azərbaycanda əsl elm, alim yoxdur, elmi tədqiqat institutları boş-boş işlərlə məşğuldur, onların nə dünya elminə töhvə verən fundamental, nə də ölkə iqtisadiyatına fayda verə biləcək tətbiqyönlü nəticələri var” deyən hər yerindən duran, elmlə uzaqdan-yaxından əlaqəsi olmayanların könül bulandıran qərəzli tənqidlərində əslində qeyri adilik axtarmağa dəyməz. Gözəl bir deyim var: hər kəs görmək istədiyini görür. Bəlkə də bu məsələlərin üzərindən səssiz keçmək də olardı. Ancaq kimin və ya kimlərin olan-olmayan elmi fəaliyyətinə və ya fəaliyyətsizliyinə olan şəxsi ədavətə və ya subyektiv fikirlərə görə, ümumilikdə Ümummilli Lider Heydər Əliyevin yüksər dəyər verdiyi bu böyüklükdə akademik elmimizin hədəfə alınması, onun haqqında “son 7 ildə elmi işçilərin yaşından başqa heç nə dəyişməyib” deyilməsi haqsızlıq, ədalətsizlikdir. Ona görə ki, jurnalistin elmə aidiyyəti olmayan şəxslərə “Azərbaycanda alimlər nə işlə məşğuldur” sualı ünvanlanması və onların etik normalara uygun gəlməyən cavablarını ictimailəşdirmək hər şeydən öncə alimə olan ən böyük hörmətsizlikdir. Belə olan halda yerindən duran, elmin “e” hərfini tanımayanlar Azərbaycan elminə qiymət verir, onun haqqında çərənləyirlər. Halbuki hörmətsiz yanaşılan o elm sahəsində maddi imkanları düşünməyən neçə-neçə alimlərə dünya alimləri istinad edirlər, belə elm adamlarımızın olmasını Azərbaycanın şansı hesab edirlər. Onlar haqqında danışmaq istəsək, elmə gətirdikləri nailiyyətlərin elmin dili ilə çatdırmağa çalışsaq “O nə olan şeydir?” deyə primitiv suallarla, həm savadsızlıqlarınızı, həm də cılız düşüncə sahibi olduqlarını ortaya qoyacaqlar.

Sözün əsl mənasında, bu gün Azərbaycan elmini yersiz tənqid edənlərin hansına “elmmetrik meyar”, “Hirşa indeks”, “Web of Science”, “Scopus” və sair elmi terminləri soruşsaq, çoxusu onların nə olduğunu bilməyəcək və ya uzağı “Scopus”u “Qlobus” kimi tələffüz edəcəklər. Odur ki, bu mövzüda geniş müzakirə açmağa lüzum yoxdur.

Təbii ki iş olan yerdə problem olacaq. İstənilən problemi də tənqidlə aradan qaldırmaq olar. Daha qərəzli, əsassız, birtərəfli tənqidlə yox, sağlam düşüncəyə əsaslanan tənqidlə. Bilməmiş deyilsiniz: müstəqil jurnalistikanın təməl prinsipi var: jurnalist araşdırmasında, mütləq tənqid olunan tərəfin fikirləri soruşulur, səsləndirilən problemə münasibəti öyrənilir. Tənqidin birtərəfli verilməsi çoxlu suallar doğurur. Çünki tənqid olunur, amma həmin sistemdə işləyən adamlardan onların problemləri soruşulmur. Qarşı tərəfin mövqeyi, fikri öyrənilmir. Kim demir ki, Azərbaycan elmində problem yoxdur. Bəli, orada işləyən də, işləməyən də, elmi tədqiqat aparan da, aparmayan da, adı olub özü olmayanlar da, gəlib gözə görünüb, sonra yox olanlar da var. Həmişə deyilir, yazılır: bu faktlar akademik elm adına kölgə gətirir. Artıq onlarla yolları ayırmağın zamanı çatıb, keçir belə. Bu gün tədqiqat insititutlarının olan mövcud potensialının 25-30 faizi ilə nəticə ortaya qoyulur. Onsuz da əvvəl də, indi də işləyən həmin qüvvədir. Ancaq bəzi televiziya və mətbuatın yersiz tənqidləri həmin işləyən qüvvənin əməyini də yerə vurur, onları elmdən küsdürür.

Şəxsi mülahizələr əsasında dilə gətirilən tənqid materialları içərisində konkret hansısa tədqiqat institutunun adı çəkilməsə də, onlar ümumi şəkildə Azərbaycan elmi adına ünvanlansa da, yeni yaradılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyinə verilən bir tədqiqat müəssisəsi - akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu olaraq həmin ittihamların elmi tərəfi ilə bağlı məqamlarına cavab verməyi özümüzə borc bilirik. Əks halda susmaq razılıq əlaməti olar.

Söylənilən tənqidlər arasında yer alan ümumiləşdirilmiş suallara (Azərbaycan elmi dünyanın yeni çağırışlarına adekvat cavab verirmi, Hazırda ölkədə elmi institutlarda beynəlxalq səviyyəli elmi tədqiqatlar aparılırmı?) cavab tapmaq üçün fundamental tədqiqatlar aparılan institutlara müraciət etmək lazımdır.

Tənqidi statuslarda bəhs olunan dünyada aparılan aktual və müasir mövzuların ən azı 2-3-ü (bədxassəli şiş əleyhinə potensial dərman maddələrin yaradılması, molekulyar dokinq, kompüter kimyəvi hesablamalar) ilə bağlı tədqiqatlar Aşqarlar Kimyası İnstitutunda şəxsən özümün rəhbərliyimlə yaratdığımız müştərək beynəlxalq tədqiqat qrupu tərəfindən aparılır. Həmin tədqiqatların nəticəsi indiyə qədər 50 məqalə halından impakt faktoru yüksək olan “Web of Science”, “Scopus” bazalarında arxivləşən “Springer”, “Elsevier”, “Taylor & Francis” və “Wiley” nəşriyatlarının impakt faktoru yüksək olan jurnallarında dərc olunub. Bütün bu dünya səviyyəli materiallar toplanılaraq “Fizioloji fəal maddələrin alınması və tədqiqi” adı ilə 350 səhifəlik toplu şəklində çap olunmuşdur.


Təvazökarlıqdan uzaq olsa da bunu da demək istəyirəm ki, məhz, bu nəticələrə görə əsərlərinə ən çox istinad olunan alim kimi dünya alimlərinin sırasına adımın daxil olmasından Azərbaycan adına qürur hissi keçirirəm (https://exaly.com/institution/124017/azerbaijan-national-academy-of-sciences/top-authors/?fbclid=IwAR3h7LOJpTNRIiSXQh2BjNDe17ZFvwynoKXMuz5d7d4l3bDsijMf0OVShOI).


Bu elmetrik qiymətləndirməni aparan qeyri-kommersiya qurumu, dünya elminin qəbul etdiyi prinsiplər əsasında Google Scholar, Publons, Scopus, Crossref və ResearchGate akademik bazalarda toplanan məlumatlardan istifadə etmişdir. Bu qiymətləndirmə zamanı müəyyən istisnalar (qeyd olunan bazalarda akademik profil səhifələrinin olmaması, məqalədə müəllif adlarının eyni formada yazılmaması və s.) olduğu üçün bu siyahını alimlərin reytinq sıralaması kimi təqdim etmək kimi bir niyətim yoxdur. Mənim üçün maraqlı iki məqam var ki, onları xüsusi qeyd etmək istəyirəm:

Birincisi sevindirici hal ondan ibarətdir ki, elmi əsərlərinə daha çox istinad olunan alimlərimiz dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış əksər tədqiqat institutlarını əhatə edir və sağlam rəqabət şəraitində onların sayı hər il artır. Çünki belə təhlillər və ondan çıxan nəticələr insan faktorundan aslı olaraq müəyyənləşdirilmir.

İkincisi, dünyanın aparıcı elm mərkəzlərinin ideal şəraitinə malik laboratoriyaları ilə müqayisədə məhdud imkanlarla belə yerli alimlərimiz burada Azərbaycanda mühüm elmi nəticələr əldə edirlər və onları nüfuzlu xarici jurnallarda dərc etdirməklə dünya elminə müəyyən töhfə vermiş olurlar. Nəzərə alağın ki, elmi əsərə hər bir istinad (özünə istinadı çıxmaq şərtilə) o alimlə yanaşı onun ölkəsinin elminə də istinaddır. Elm adamı üçün bundan qürurlu nə ola bilər?

Yeri gəlmişkən onu da bildirim ki, nüfuzlu jurnallarda məqalə çapına və onlara olan istinad sayına görə elmi tədqiqat institutlarının reytinq siyahısında Aşqarlar Kimyası İnstitutu ilk beşlikdə yer alıb.



Tənqidi statuslarda qeyd edilən Azərbaycan elmi ölkə iqtisadiyatına nə verir sualına isə icraçı direktoru olduğum Aşqarlar Kimyası İnstitutunun ölkəmizin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılması istiqamətində gördüyü bəzi vacib tətbiqi işinin adını çəkməklə cavab vermək istəyirəm.

Belə ki, Aşqarlar Kimyası İnstitutu  və onun alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ” yaradılmasıdır ki,  onun istehsalı “Aşqar” Elmi İstehsalat Birliyində təşkil edilmiş, bu günə qədər Bakı – Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir. Bu o deməkdir ki, dövlət büdcəsininin formalaşmasında əsas pay sahibi olan neft gəlirlərinin əldə olunmasında bilavasitə Aşqarlar Kimyası İnstitutunun aliminin də müəyyən əməyi var.


Digər tərəfdən Aşqarlar Kimyası İnstitutu motor yağının yeni analoqunu yaradıb, istehsalını təcrübə-sənaye zavodunda təşkil edib və tonlarla məhsul Azərbaycan Respublikası Müdafiə Nazirliyinə verilib. Həmin yağ Qarabağ müharibəsində də istifadə olunub. Qeyd etmək lazımdır ki, xüsusi təyinatlı sürtkü yağlarının yaradılması prosesi bir neçə mərhələdən: elmi əsaslarla baza yağlarının və müvafiq aşqar paketinin seçilməsi, laboratoriya sınaqları nəticəsində sürtkü kompozisiyasının optimal tərkibinin müəyyənləşdirilməsi, bir sıra mühərriklərdə stend sınaqlarından keçirilməsi, nəhayət, real mühərrikdə sınaqların aparılmasından ibarətdir.

Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqlarını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından, bu proses xarici ölkədə müvafiq strateji müəssisədə reallaşdırılıb və son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilib. Yaradılan xüsusi təyinatlı motor yağı Azərbaycanın müvafiq nazirliklərinin sınaq-təcrübə mərkəzlərində də real texnikada müsbət nəticələrlə sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb. Həmin motor yağına Pakistan Respublikası Müdafiə Nazirliyində də böyük maraq göstərilir. Onlarla müqavilələr bağlanmaq üzrədir.

Respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılmış və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respublikasının məxfi patentləri ilə müdafiə olunur. Konkret olaraq modul elektrik stansiyalarında istifadə olunmuş ekoloji gərginlik yaradan “Musella-40” motor yağının regenerasiya texnologiyası yaradılmış və bu texnologiyanın tətbiqi üzrə işlər yekunlaşmaq üzrədir və sair....


Həm də bu fundamental nəzəri və tətbiqi elmi nəticələr sözügedən telesüjetlərdə müqayisələr aparılan dünyanın aparıcı elm mərkəzlərinin laboratoriyalarında olan texniki imkanlardan zəif olan laboratoriyalarımızda məhdud imkanlarla alimlərimiz tərəfindən əldə olunub. Bu ölkə iqtisadiyyatına, Azərbaycana, bütövlükdə dünya elminə töhfə deyilsə, nədir? Unutmayağın, Azərbaycan elmi tənqidlərdə xüsusi vurğulanan humanitar-ictimai bölümə aid insitutlarında yerinə yetirilmir. Dünya təcrübəsində bu istiqamət çox vaxt elm kimi qəbul edilmir. Ancaq dəqiq, təbiət, yer elmlərinə aid tədqiqat insititutları vardır ki, onlar istər sovet dövründə, istər indi və inanıram gələcəkdə də sözünü deyib, deyir və deyəcəklər.

Əfsun Sucayev
Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru,
kimya elmləri doktoru

 

Müəllif: