Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı alimdən AMEA-nı tənqid edənlərə <font color=red><b>CAVAB: "AMEA-nın əvvəl də, indi də ..."</b></font>

10:26 - 27 İyul 2022 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi AzTv və Real TV-də AMEA-nı tənqid edən edən süjetlər yayımlanıb. Belə ki, AMEA-da fəaliyyət göstərən alimlərin fəaliyyətsizliyi tənqid edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev AMEA-nı tənqid edənlərə cavab verib:

"AMEA Azərbaycan iqtisadiyyatına nə verir, Akademiya bizə lazımdırmı, suallarını verənlərə təmsil etdiyim Aşqarlar Kimyası İnstitutunun (AKİ) ölkəmizin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılması istiqamətində gördüyü ən vacib tətbiqi işlərini sadalamaqla cavab vermək istəyirəm:
1.AKİ və onun alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ” yaradılmasıdır ki, hazırda onun istehsalı “Aşqar” Elmi İstehsalat Birliyində təşkil edilməkdədir. Bu aşqar hazırda Bakı – Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir.
2. Respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılmış və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respublikasının məxfi patentləri ilə müdafiə olunmuşdur. Konkret olaraq modul elektrik stansiyalarında istifadə olunmuş ekoloji gərginlik yaradan “Musella-40” motor yağının regenerasiya texnologiyası yaradılmış və AMEA-nın Təcrübə-Sənaye Zavodunda bu texnologiyanın tətbiqi üzrə işlər aparılır.
3. Aşqarlar Kimyası İnstitutu motor yağının yeni analoqunu yaradıb, istehsalını təcrübə-sənaye za­vodunda təşkil edib və tonlarla məhsul müvafiq dövlət qurumlarına verilib. Həmin yağ Qarabağ müharibəsində də istifadə olunub.
Qeyd etmək lazımdır ki, xüsusi təyinatlı sürtkü yağlarının yaradıl­ması prosesi bir neçə mərhələdən: elmi əsaslarla baza yağlarının və müvafiq aşqar paketinin seçilməsi, laboratoriya sınaqları nəticəsində sürtkü kompozisiyasının optimal tərkibinin müəyyənləşdirilməsi, bir sıra mühərriklərdə stend sınaqlarından keçirilməsi, nəhayət, real mühərrikdə sınaqların aparılmasından ibarətdir.
Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqla­rını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından, bu proses xarici ölkədə müvafiq strateji müəssisəsdə reallaşdırı­lıb və son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilib. Yaradılan xüsusi təyinatlı motor yağı Azərbaycanın müvafiq nazirliklərində də real texnikada müsbət nəticələrlə sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb. Həmin motor yağına Pakistan Müdafiə Nazirliyində də böyük maraq göstərilir.
4. Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gətirilən M-14ГБ motor yağının yeni analoqu institut tərəfindən yaradılmış və istehsalı institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Elm-istehsalat Birliyində təşkil edilmişdir.
5. Respublikanın müasir tələblərə cavab verən müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə motor, transmissiya və hidravlika sistemləri üçün bir sıra müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) sürtkü kompozisiyaları yaradılmış və istehsalı AMEA-nın Təcrübə-Sənaye Zavodunda təşkil edilmişdir. Hal-hazırda zavodda istehsal edilən sürtkü yağları respublikamızın bir sıra müəssisələrində istifadə edilir.
6. Bakı Məişət Kondisionerləri zavodunda işlədilən yapon yağlayıcı-soyuducu mayesini əvəz edən yeni yağlayıcı-soyuducu maye yaradılmışdır.
7. Bakı Yastıq zavodu” ASC-də diyircəkli yastıqların korroziyadan mühafizəsi üçün geniş istifadə olunmuş "AzK-18 konservasiya yağı“ Aşqarlar Kimyası İnstitutunda yaradılmışdır.
8. Ölkəmizin müxtəlif maşınqayırma zavodlarında metal məmulatların almaz alətlərlə kəsilməsi, habelə cilalanmasında tətbiq tapan НСК-5у və Азерол seriyasından beş yağlayıcı-soyuducu maye işlənilmişdir.
9. Yağlayıcı-soyuducu mayeləri və neft məhsullarını bioloji zədələnmədən qoruyan Азин-1, Азин-2, Азин-3 və Азин-4 antimikrob aşqarların sənaye istehsalı təşkil edilmişdir.
10. Neft-mədən avadanlıqlarını korroziyadan və mühərrikin soyuducu sistemlərini kavitasiya nəticəsində dağılmadan qorumaq üçün korroziya inhibitorları (ИКИПГ, ИКАНАЗ və s.) yaradılmış, istehsal texnologiyası işlənilmiş və təcrübi-sənaye istehsalı təşkil edilmişdir. və sair....
Həm də bu fundamental tətbiqi elmi nəticələr müqayisə etdiyiniz dünyanın aparıcı elm mərkəzlərinin laboratoriyalarında olan texniki imkanlardan qat-qat zəif laboratoriyalarda alimlərimiz tərəfindən əldə olunub. Bu ölkə iqtisadiyyatına töhfə deyil, nədir?. Gəlin onların əməyini yerə vurmayaq..."

Əfsun Sucayev Akademiyanın televiziya ekranlarında göstərilən və humanitar-ictimai bölümə aid insitutların yerləşdiyi tək o binadan ibarət olmadığını qeyd edib: "Orada nə proseslər getdiyini deyə bilmərəm, qoy orada çalışan həmkarlarımız aydınlıq gətrisinlər. Ancaq AMEA-nın əvvəl də, indi də və inanıram gələcəkdə də sözünü deyən və deyəcək dəqiq, təbiət, yer elmlərinə aid tədqiqat insititutları da var. Onların da cavab haqqını tanımaq lazımdır..."
 

Müəllif: