Şabran rayonu, Ağalıq kəndi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak ediblər.
10.07.22 23:23
Şabran rayonu, Ağalıq kəndi ərazisində əkin sahəsində başlayan yanğın sonradan havanın küləkli olması səbəbindən meşə fondu torpağına keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, hadisə yerində olan Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hazırda nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
"Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir",- deyə bildirilib.
20:38
Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
“Report”un Şimal bürosu xəbər verir ki, kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildirib.
Qısa qapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.
Alovun qarşısını almaq getdikcə çətinləşir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissələrinin əməkdaşları yanğını söndürməyə çalışırlar.
20:03
Şabranda baş verən güclü yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.
"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Ağalıq kəndində baş verən yanğının miqyası getdikcə genişlənir.
Belə ki, avtomobillərin hərəkəti üçün ciddi təhlükə yarandığından Gəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb. Həmçinin ətrafda yerləşən bir sıra ictimai iaşə obyektləri yanıb.
Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan kənd üçün təhlükə yaratmaqda davam edir.
18:55
Şabran rayonunda meşə massivi yanır.
“Report” xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində baş verib.
Beləki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğınin miqyası genişlənərək ətraf ərazilərdə yayılıb.
Meşə massivinə düşən yanğın yaxınlığda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadı.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların avtomobili və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.