Ucnoqta.az
www.ucnoqta.az

Valyuta vəsaitlərini xaricdən qaytarmama faktlarına dair vəsait hazırlanıb

18:40 - 10 İyun 2022 tarixində dərc olunub.

“Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi) faktları üzrə aparılan araşdırmaya dair” Metodiki vəsait hazırlanmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində ibtidai araşdırma və inzibati icraat zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208 (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama cinayəti) və İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xətası) maddələrinin tətbiqi ilə bağlı yaranan suallara dair dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə keçirilən tədbirdə ekspertlər qismində Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Pricewaterhousecoopers Azerbaijan MMC-nin, eləcə də Azərbaycan Respublikası Auditorlar palatasının peşəkar nümayəndələri iştirak ediblər.

Eyni zamanda, tədbirə dinləyicilər qismində Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının əməkdaşları cəlb ediliblər.

Geniş müzakirələr, fikir mübadiləsi şəraitində keçən tədbirdə ekspertlərin məruzələri dinlənilib və mühüm praktiki əhəmiyyəti olan suallar cavablandırılıb.

Tədbirin yekunlarına uyğun olaraq, bu sahədə səylərin birləşdirilməsi və müvafiq müzakirələrin işçi qaydada davam etdirilməsi qərara alınıb.

Müəllif: