Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır

11:09 - 6 İyun 2022 tarixində dərc olunub.

Azərbaycanın malik olduğu enerji potensialı onun beynəlxaq aləmdə etibarlı və dayanıqlı enerji təminatçısı olan ölkəyə çevrilməsini şərtləndirmiş başlıca amildir

Çox böyük qürur hissi ilə vurğulamalıyıq ki, bu gün Azərbaycan əldə etdiyi iqtisadi nailiyyətləri sayəsində dünya dövlətləri arasında özünəməxsus yer tutur.

Zəngin karbohidrogen ehtiyatları sayəsində ölkəmiz bu gün dünyanın xam neft, təbii qaz, neft kimya məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Açıq etiraf etməliyik ki, Azərbaycan tərəfdaşlıq etdiyi iqtisadi partnyorları ilə enerji əməkdaşlığında heç bir siyasi maraq güdmür.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə daim sülhün, dostluğun, əməkdaşlığın tərəfində olub. Lakin müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatında və sənayənin bütün sahələrində olduğu kimi enerji təhlükəsizliyi sahəsində də köklü problemlər yaranmış  və demək olar ki, Azərbaycan öz enerji  təlabatının əksər faizini qonşu dövlətlərdən almağa məcbur olmuşdur.

Enerji təlabatının qonşu dövlətlərdən idxal olunması Azərbaycana çox böyük maddi vəsait hesabına başa gəlirdi və bəzən ölkəmizin qonşu dövlətlərə milyonlarla dollar vəsaitlə ölçülən borcları yaranırdı. Çox sevindirici haldır ki, artıq o ağrılı-acılı günlər geridə qalmış, möhtərəm ölkə başçısı cənab İlham Əliyevin xeyir-duası ilə ölkə iqtisadiyyatının bütün sferalarında  mövcud infrastrukturun tamamilə yenilənməsi istiqamətində aparılan uğurlu islhatalar öz müsbət nəticələrini verməkdədir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır. Əlbəttə bütün bu qeyd etdiyimiz faktorlar, o cümlədən dünyanın bir çox ölkəsində enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun günü-gündən artması  qərbin Azəbaycana olan siyasi və iqtisadi bağlılığını hər ötən gün artırmaqdadır. Çox qürurverici haldır ki, Azərbaycanın iştirakı olmadan bu gün Mərkəzi Asiyadan başlayaraq, Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılması mümkünsüzdür.

Əlbəttə ki, bütün bunların əsas səbəbi həm ölkəmizin kifayət qədər ereji ehtiyatlarına malik olması, həm də ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, balanslaşdırılmış beynəlxalq siyasətdir.

Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin mühüm rol oynaması bu gün beynəlxalq aləmdə ən yüksək səviyyədə etiraf olunmaqdadır. Məhz elə buna görədir ki, dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında qürur hissi keçirdiklərini də açıq şəkildə bildirirlər.

Fikirlərimin sonunda qeyd etmək istəyirəm ki, bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, dünya dövlətləri tərəfindən Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim xüsusi maraq göstərilir və ölkəmizin mövqeyi ilə daha çox hesablaşırlar.

Səriyyə Əhmədova

Neftçala rayon gənci

Müəllif: