İsmayılov Sədrəddin Seyfəddin oğlu 1958-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Əmirvan kənd yeddiillik məktəbini fərqlənmə şəhadətnaməsi ilə bitirib. Atasının vaxtsız vəfatı S. İsmayılova təhsilini vaxtında davam etdirmək imkanı verməmiş, o, kiçik yaşlı qardaşlarını və anasını himayə etmək məqsədi ilə yeniyetmə yaşlarından işləmək məcburiyyətində qalıb. Nəhayət müəllimliyə olan sonsuz istək və arzusu onu Şəki Pedoqoji Texnikumuna gətirib çıxarır. 1966-cı ildə Texnikumu yüksək qiymətlərlə bitirərək doğma kəndində pedoqoji fəaliyyətə başlayır. O, 1967-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə (qiyabi şöbə üzrə) daxil olur. 1973-cü ildə ali təhilini müvəffəqiyyətlə başa vurur.
1967-ci ildən məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərən S. İsmayılov ixtisasını dərindən öyrənmək, biliyini daim artırmaq qayğısına qalır və tezliklə buna nail olur. Metodiki cəhətdən yüksək hazırlığa malik olan müəllim dərs prosesində səmərəli üsullardan istifadə etməklə şagirdlərdə riyaziyyat fənninə maraq oyatmağa nail olur və nəticədə böyük uğurlar qazanır.
S. İsmayılov 45 dəqiqəlik dərs prosesi ilə kifayətlənmir. O, sinifdənxaric tədbirlərin keçirilməsinə, tədbirlərin rəngarəngliyinə xüsusi diqqət yetirir. Odur ki, müəllimin yüzlərlə yetirməsi ölkəmizdə və ölkəmizdən kənar müxtəlif ünvanlarda müvəffəqiyyətlə qəbul imtahanları verərək ali təhsil almaq hüququna malik olmuşdur. Onların sırasında bu gün müəllim, həkim, alim, mühəndis, polis və digər peşə sahibləri də vardır. Sevindirici haldır ki, onların hamısı işinin öhdəsindən layiqincə gəlmək bacarığındadırlar.
Onların hər biri vətən, xalq, cəmiyyət üçün vicdanla çalışmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər.
Qarabağ uğrunda gedən döyüşlərdə şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış və dövlətimiz tərəfindən müxtəlif orden və medallarla təltif olunmuş qəhrəmanlarımız Asif Seyidov, Ata Zəkəriyyəyev, Muxtar Muradov, Elvin Abdurahmanov, Vətən Müharibəsi Qəhrəmanı Polkovnik-Leytenant Əfqan Abdurahmanov, Aydın Bayramov, Fariz Rəhimov və sovet dövləti dövründə şəhidlik zirvəsinə ucalmış Yadigar Vəliyev Əmirvan kənd tam orta məktəbində təhsil almış, o cümlədən Sədrəddin müəllimin sevimli şagirdləri olmuşdur.
Sədrəddin İsmayılov məktəb direktoru kimi fəaliyyət göstərdiyim 1973-1991-ci il tarixlərdə uzun müddət məktəbin təlim-tərbiyyə işləri üzrə müavin kimi fəaliyyət göstərərək məktəbin uğurlarında xüsusi rol oynamışdır. S. İsmayılov yalnız şagird və müəllim kollektivi tərəfindən deyil bütün kənd ictimaiyyəti tərəfindən sevilən müəllim olmuşdur. O, bu sevgini, bu hörməti böyük zəhmət hesabına, öz işi və rəftarı hesabına qazanmışdır.
Onun zəhməti Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək "Riyaziyyatın Tədrisindəki Nəticələrinə Görə" fəxri fərmanla təltif olunmuşdur. O, ali dərəcəli müəllimdir.
Hazırda təqaüddə olan və 80-ci baharını gənclik ruhu ilə yaşayan nəcib insan, gözəl müəllim Sədrəddin İsmayılova möhkəm cansağlığı arzulayaraq ürəkdən söyləyirəm: 80 yaşın mübarək, qardaşım! O gün olsun ki, 100 yaşını sevdiklərinlə keçirmək nəsibin olsun, Amin!
Əmirxan Burzuyev. "Ali Qızıl Qələm" media mükafatçısı.
Qəbələ rayonu - Əmirvan kəndi.