Rusiyanın İT holdinqi “Softline Holding Plc” Azərbaycandakı nümayəndəliklərini müflis elan edəcək.
Azərbaycandakı nümayəndəliklərin ləğv edilməsində məqsəd isə təchizatçılara borcları ödəməməkdir. Bu məqsədlə Azərbaycandakı nümayəndəliyin hazırkı rəhbərinin vəzifədən azad edilməsi, qondarma direktorun işə götürülməsi nəzərdə tutulur. Çünki nümayəndəliyin hazırkı rəhbəri müflisləşmə və bu yolla borcların ödənilməməsi planına qarşı çıxır.
Rusiyanın İT holdinqi “Softline Holding Plc”nin (www.softlinegroup.com) rəhbərliyindəki yüksək vəzifəli şəxslərin, şirkətin Azərbaycandakı ofisinin (nümayəndəliklərinin) təchizatçılarına olan borclarının ödənilməməsi üçün qeyri-qanuni hərəkətlərə əl atacaqlarına dair korporativ yazışmalar şəbəkəyə daxil olub.
Yazışmalardan məlum olur ki, “Softline Holding” təchizatçı “Abris Distribution” şirkətinə 300 min dollar borcunu ödəməmək üçün belə bir addım atmaq niyyətindədir. Yazışmalardan da görünür ki, “Softline Holding”in vəzifəli şəxsləri Azərbaycandakı nümayəndəliklərinin (“Softlayn İnterneyşnl” və “Softline Trade”) müflis elan edilməsi üçün qondarma direktorun işə götürülməsinə dair qərar qəbul ediblər. Əldə edilmiş yazışmalara əsasən belə qənaətə gəlmək olar ki, yaxın gələcəkdə “Softline Holding” Azərbaycandakı hər iki ofisini müflis elan etməyi planlaşdırır.
“Softline Holding”in Azərbaycandakı nümayəndəliyi artıq bütün təchizatçılara və müştərilərə böyük maliyyə itkilərinin qarşısını almaq səbəbilə borcların ödənilməsi, malların çatdırılması üçün müraciət etməyi tövsiyə edib.
Xatırladaq ki, baş ofisi Londonda və faktiki qərargahı Moskvada yerləşən “Softline Holding Plc” 2021-ci ildə Moskva və London birjalarında IPO-ya (səhmlərin ilkin kütləvi yerləşdirilməsi) çıxıb.
“Softline”nın digər rəqiblərlə “Microsoft” məhsullarının satışı üzrə müqavilə sövdələşmələri faktları da məlum olub və Azərbaycan nümayəndəliyi bu barədə “Microsoft” İrlandiyanın rəhbərliyini rəsmi formada məlumatlandırıb. Çünki bu cür hallar “Softline Group”un Azərbaycandakı nümayəndəliklərinin statusundan məhrum olmaq təhlükəsi ilə üz-üzə qoyur. Qeyd edək ki, “Softline Group”un baş ofisi Moskvada artıq “Microsoft” statusundan məhrum edilib.///oxu.az