Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olan şəxslər minik avtomobilləri ilə təmin olunurlar
Azərbaycanda şəhid ailələri, qazilər, müharibə iştirakçılarına qayğı və problemlərinin həlli dövlətin prioritet saydığı istiqamətlərindən biridir. 44 günlük Vətən Müharibəsindən sonra isə şəhid ailələri və qazilərin problemlərinin həlli, hüquqlarının qorunması istiqamətində həm qanunvericilikdə dəyişikliklər edilib, həm də bir sıra problemlərin həlli ilə bağlı əməli addımlar atılıb. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə hüquqi dəstək” layihəsi çərçivəsində hazırlanan yazılarla bu təbəqədən olan insanlara hüquqları və onların reallaşdırılması yolları ilə bağlı maarifləndirmə işi aparmağı nəzərdə tutur. Hazırlanacaq 5 maarifləndirmə xarakterli yazıda həm də vətəndaşlardan aldığımız hüquqi məsələlərlə bağlı suallara aydınlıq gətirməyə çalışacağıq.
Konstitusiya hər bir vətəndaşın sosial hüquqlarının təmin olunmasının qarantıdır
Azərbaycan Konstitusiyası hər bir vətəndaşın sosial hüquqlarının təmin olunmasının qarantıdır. Ana qanunumuzun 38-ci maddəsinə görə, hər kəsin sosial təminat hüququ var. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği isə qanunla müəyyən edilir.
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra insanların sosial cəhətdən müdafiəsi məqsədilə çoxsaylı normativ hüquqi aktlar qəbul edildi. Həmin normativ hüquqi aktlarda təsbit olunan sosial təminat hüququ normalarının əsas məqsədi insanların sosial hüquqlarının müdafiəsini, ədalətlilik və humanizm prinsiplərini təmin etmək idi. 2006-cı ildə qəbul edilən “Sosial müavinətlər haqqında” Qanun da ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödəmələr şəklində sosial müavinət təyin edilib ödənilməsini nəzərdə tutur. Sosial müavinətlərlə yanaşı, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətləri olan insanların sosial müdafiəsini təmin etməyə yönəldilən təqaüd sisteminin bir sıra növləri mövcuddur. Ayrı-ayrı kateqoriya vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən onlara Prezident təqaüdləri təyin olunaraq ödənilir.
Əlilliyi olan şəxslər pulsuz avtomobillə təmin edilir
Artıq uzun illərdir Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olan şəxslər minik avtomobilləri ilə təmin olunur. Bununla yanaşı, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olan, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olan şəxslərə və Çernobıl əlillərinə minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri verilir. Həmin kateqoriyadan olan vətəndaşlar minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi üçün aşağıda qeyd olunan sənədləri yaşadığı ərazi üzrə xidmət göstərən Tibbi sosial- ekspert komissiyasına təqdim etməlidirlər:
- pulsuz avtomaşın almağa tibbi göstərişin müəyyən edilməsi üçün rayon (şəhər) poliklinikasından 88 nömrəli tibbi forma;
- şəxsiyyət vəsiqəsinin surəti;
- əlillik səbəbi, dərəcəsi barədə TSEK arayışının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti.
Əlilliyi olan şəxs səhhəti ilə əlaqədar avtomaşını idarə edə bilmirsə, bunu ailə üzvünə həvalə edə bilər
Əlilliyi olan şəxs səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilən avtomaşını idarə etməkdə çətinlik çəkərsə, onda həmin avtomaşının idarə olunmasını onunla birlikdə yaşayan, sürücülük vəsiqəsi olan ailə üzvünə həvalə edə bilər. Əlilliyi olan şəxsə verilən avtomaşınının digər şəxs tərəfindən idarə edilməsi üçün aşağıdakı sənədlər təqdim edilməsi zəruridir:
- Əlil vətəndaşın şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunan surəti;
- Avtomaşının texniki pasportunun notarial qaydada təsdiq olunan surəti;
- Etibar edilən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunan surəti;
- Etibar edilən şəxsin sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunan surəti;
- Hər iki şəxsin yaşayış yerindən arayış.
Əlil vəfat etdikdə dövlət tərəfindən ona verilən avtomaşın ailə üzvlərindən birinin adına keçirilməlidir. Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:
Əgər vəfat edən əlilliyi olan vətəndaşın həyat yoldaşı varsa:
- Pulsuz avtomaşın alan əlilliyi olan şəxsin ölüm şəhadətnaməsinin notarial qaydada təsdiq olunan surəti;
- Avtomaşının texniki pasportunun notarial qaydada təsdiq olunan surəti;
- Nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunan surəti;
- Vəfat etmiş şəxsin vərəsəlik hüququna sahib şəxslərin (varislərin) adlı siyahısı barədə arayış;
- Vəfat etmiş şəxsin vərəsəlik hüququna sahib şəxslərin (varislərin) notarial qaydada təsdiq olunan ərizələri;
- Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunan surəti;
- Vəfat etmiş əlilliyi olan vətəndaşın həyat yoldaşının ərizəsi;
- Vəfat edən əlilliyi olan vətəndaşın həyat yoldaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunan surəti.
Əgər vəfat edən əlilliyi olan vətəndaşın həyat yoldaşı yoxdursa:
- Pulsuz avtomobil alan əlilliyi olan şəxsin ölüm şəhadətnaməsinin notarial qaydada təsdiq olunan surəti;
- Avtomobilin texniki pasportunun notarial qaydada təsdiq olunan surəti;
- Avtomobili adına keçiriləcək varisin ərizəsi;
- Avtomobili adına keçiriləcək varisin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunan surəti;
- Vəfat edən şəxsin vərəsəlik hüququna sahib şəxslərin (varislərin) adlı siyahısı əks olunan arayış;
- Vəfat edən şəxsin vərəsəlik hüququna sahib şəxslərin (varislərin) notarial qaydada təsdiq olunan ərizələri;
- Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunan surəti.
Şəhid ailələri və sağlamlığını itirən şəxslər dövlət hesabına mənzillə təmin olunur
Bundan başqa Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar və şəhid ailələrinin mənzillə təminatı istiqamətində də davamlı addımlar atılır. Belə ki, şəhid ailələri və sağlamlığını itirən şəxslər dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir.
Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncamında əlilliyi olan şəxslərin mənzillə təminatı nəzərdə tutulurdu. Sərəncamda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlər xüsusi vurğulanıb. Bildirilib ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4 278 əlil və şəhid ailəsi mənzillə təmin edilib, 5 731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Həmin sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirmək tapşırılıb. Yerli icra hakimiyyəti orqanlarının isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında əlilliyi olan şəxslərin mənzillə təminatı üçün torpaq sahələrinin ayrılmasını təmin etmək və bu barədə Prezidentə məlumat vermək öhdəliyi var idi . Bu məqsədlə vəsaitin ayrılmasını isə Nazirlər Kabineti 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərə alınmasını təmin etməli idi.
16 dekabr 2021-ci ildə Prezident İlham Əliyev şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Fərman imzaladı.
(Ardı var)
Pünhan Əfəndiyev
Yazı “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə hüquqi dəstək” layihəsi çərçivəsində hazırlanıb.