Ucnoqta.az
www.ucnoqta.az

Bakının "Google" xəritəsində ictimai nəqliyyat görünməyəcək

20:33 - 5 Aprel 2022 tarixində dərc olunub.

"Transit for Baku" komandası müraciət yayıb

Ucnoqta.az həmin müraciəti təqdim edir:
"Transit for Baku (tfb.az, əvvəldə traffic.az) layihəsi üzrə işlər 2013-cü ilin yayında başlamışdı və 19 Mart 2014 tarixində məlumatlar Google Xəritələrində ictimai istifadəyə verilmişdi. Layihədə başlanğıcdan heç bir maddi maraq yox idi və əlbəttə hələ də yoxdur. Məqsəd şəhəri düzgün və işlək naviqasiya ilə təmin etmək idi. Sözügedən dövr NİİM-nin təzə vaxtları idi və bu sahəyə küllü miqdarda vəsait ayrılmışdı. Buna baxmayaraq təqdim olunan həllər heç də yaxşı vəziyyətdə deyildi. Ümumi xəritə və naviqasiya keyfiyyəti normal istifadəyə yararlı deyildi, üstəlik məlumatlar gündəmdə saxlanılmırdı və bəzən saytları ümumiyyətlə işləmirdi. Əlbəttə artıq heç həmin həllər də mövcud deyil. Beləliklə 8 ildir ki, rəsmi tərəfdaş kimi Bakı əhalisi və məlumatlarda əlavə tərcümələr sayəsində qonaqlar Google Xəritələrində ictimai nəqliyyat naviqasiyası ilə təmin olunur.

Hazırkı dövrə qayıdanda ən maraqlısı və ya gülməlisi, BNA özü də alo141.az saytında naviqasiya üçün Google Xəritələrindən istifadə edir. Aydınlıq üçün, paytaxtın əsas nəqliyyat strukturu insanlara naviqasiya göstərmək üçün illərdir bu layihənin işinə arxalanır... Vaxtında yazılandan sitat:

Burada, hansı məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Göstərilir, ancaq bu nəqliyyat məlumatları haradan götürülür, əlbəttə bu layihədən. Hələ nəsə yenilik kimi saytın açılışına medianı çağırıb təqdimat eləmişdilər. Bəlkə də həmin naviqasiyaya necə nail olduqları barədə rəhbərliyə heç məlumat verməyiblər. İstənilən halda öz problemləridir və buna son qoyulur.

BNA nəqliyyat qurumu kimi özü məlumat paylaşmalıdır, digərlərinin məlumatlarını işlədib, əməklərinə arxalanmalı deyil. Şəhərlər open data (açıq məlumat) prinsipi ilə işləməlidirlər və bu dövrümüzün standart yanaşmasıdır. Dayanıqlı şəhər öz əhalisini ictimai nəqliyyatdan istifadəyə cəlb etməlidir və insanları işlək naviqasiya ilə təmin etmək bunun təməl hissələrindəndir. Müasir ictimati nəqliyyata tək yeni texnika ilə nail olunmur, hara və necə getdiyi bilinməyən yeni avtobusun heç bir əhəmiyyəti yoxdur.

Statik məlumatlarda, BNA dəyişikliklər barədə məlumatlandırmada çox gecikir, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olur və ya məlumatlandırma ümumiyyətlə reallığa uyğun olmur, bəzən məlumatlandırma dəyişiklik baş verəndən sonra yerinə yetirilir, bəzən isə ümumiyyətlə rəsmi məlumatlandırma olmur və dəyişiklik sürprizə çevrilir. Real time (real vaxt) planında, BNA ictimai olmalı məlumatları göstərmək istəmir və nəticədə onlardan istifadəyə imkan vermir, insanların nəqliyyatdan daha rahat istifadəsinə süni maneə yaradır. Hələ illər öncə real time inteqrasiyası ilə bağlı BakuBus-a dəfələrlə və inadla müvəffəqiyyətsiz müraciət olunmuşdu.

Təcrübə və araşdırmalar artıq standart hesab olunan sözügedən yanaşmaların effektivliyini, habelə ictimai nəqliyyatdan istifadədə artıma gətirdiyini göstərir. Mövcud qapalı məlumat yanaşması xidmət səviyyəsinə zərər gətirir, sərnişinlərin itkisinə və nəticə olaraq daşıyıcılar üçün maddi itkiyə səbəb olur.

Sadalananlar layihə üçün əlavə problemlərə, absurd vaxt itkisinə səbəb olurdu. Bu səbəbdən keçən aylarda avtobuslar üzrə işlər məcbur dondurulmuşdu. Layihənin publik startının 8-ci il dönümündən, 19 Mart 2022 tarixindən etibarən isə avtobus məlumatlarının Google Xəritələrinə inteqrasiyası dayandırılıb. Hazırda sistemin grace period (güzəşt müddəti) prinsipi ilə hələ də göstərdiyi vaxtı bitmiş məlumatlar yaxın zamanda naviqasiyadan yoxa çıxacaq.
Beləliklə, bu açıq məktubla, BNA-nin ağılasığmaz texniki və informasiya praktikalarına ictimai şəkildə etiraz bildirərək, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmilərini və BakuBus MMC-nin yeni idarəetməsi qismində Azərbaycan İnvestisiya Holdinqinin rəsmilərini dialoqa dəvət edirik."

Müəllif: