Ucnoqta.az
www.ucnoqta.az

"Bakının mərkəzində niyə qaz balonu istifadə edilir?"

18:40 - 3 Aprel 2022 tarixində dərc olunub.

“Location gecə klubunda partlayış nəticəsində 1 nəfərin öldüyü, 31 nəfərin yaralandığı bildirilir. Yaralanan 6 nəfərin vəziyyətinin ağır olduğu deyilir. Hadisə gecədən sonra, səhər saat 03:00 də baş verib. Partlayışa səbəb maye qaz balonun olduğu deyilir. Bakının mərkəzində niyə qaz balonu istifadə edilir? Çünki bizim təhlükəsizlik qaydalarına görə kommersiya obyektlərinə təbii qazın istifadəsi  qadağandır”.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir İsmayılov gecə klubunda baş verən partlayışla bağlı deyib. Onun sözlərinə görə, mətbəxin elektrik enerjisi ilə idarə olunması daha baha başa gəldiyi üçün, kafe-restoranlar balona üstünlük verirlər:

“Təcrübə göstərir ki, qaz balonun partlayışı daha ağır nəticələnir. Ona görə də, kommersiya obyektlərində ya birdəfəlik qazın istənilən növündən istifadəsinə qadağa qoyulmalıdır, ya da ki, təbii qaza icazə verib, ən müasir  avadanlıqlardan istifadə tələbi qoyulmalıdır. Loru dildə desək, qaz sızıntısını xəbər verən, sızıntı zamanı qazı avtomatik söndürən detektor və s.cihazlar quraşdırılmalıdır”.

Ekspert onu da əlavə edib ki, pub və kafelərdə spirtli içkilərin satışına vaxt məhdudiyyəti də qoyulmalıdır:
“Gecə saat 03:00-da hətta Avropa paytaxtlarında spirtli içki verilmir. Cümə və şənbə axşamları maksimim saat 00:00-a kimi spirtli içkilər satılır. Pub-ın gecə işləməsi, səhərə kimi spirtlə təmin olunması anlamına gəlməməməlidir. Hətta 5 ulduzlu otellərin pub-ında gecə saat 00:00-dan sonra, spirtli içkilər yalnız nömrələrə servis olunur”.

Müəllif: