Bakı Şəhər İcra Hakimiyyətinin bir müddət əvvəl paytaxtın rayonlarında keçirdiyi son reydin nəticəsi açıqlanıb.
APA xəbər verir ki, bu barədə Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bildirilib.
Qeyd edilib ki, reyd nəticəsində 127 qanunsuz tikili aşkarlanıb.
Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi icra hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti hallarının qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə iki ay müddətində hesabat verilməsi tapşırılıb.