Aliment asılılığında yaşayan uşaqların sayı isə 160 mindən çoxdur
Azərbaycan Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olduğunu özündə ehtiva edir. Ana qanunumuza görə, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədir.
Valideynlər həm birgə nikah, həm də nikah bitəndən sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar. Hətta qanunvericilik nikahı bitirmədən də aliment, uşağın saxlanma xərclərinin valideynlərdən alınmasına imkan verir. Valideynlər evlilikləri dövründə də yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə sazişi (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Əgər aliment ödəməli olan tərəf alimenti könüllü ödəmək istəyərsə, valideynlər aliment ödənilməsi barədə müqavilə imzalaya, həmin sənəddə alimentin məbləğini də müəyyən edə bilərlər. Lakin uşağı himayəsində saxlamayan valideyn digərinə bu ödənişi etmək istəmədikdə aliment məhkəmə qaydasında tutulur. Amma məhkəmə qaydasında aliment təyin olunsa da, bir çox hallarda valideyn övladının saxlanılması üçün alimenti ödəmək istəmir.
İcrada olan alimentlə bağlı işlərin sayı 100 minə çatıb
Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2020-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələrində 104 262 işə baxılıb. Həmin işlərdən 188-i aliment alınması tələbi ilə bağlı olub. Apellyasiya instansiyası məhkəmələrində baxılan 17 727 işdən isə 181-i aliment tələbi ilə bağlı olub. Ali Məhkəmədə kassasiya qaydasında baxılan 5 482 iş arasında isə alimentlə bağlı iş olmayıb.
2021-ci ilin birinci yarısında isə birinci instansiya məhkəmələrində baxılan 67 392 işdən 96-sı, Apellyasiya instansiyası məhkəmələrində baxılan 11 268 işdən 2-si aliment məsələsinə aid olub.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, aliment borcları və uşaqların mənafeyinə toxunan digər icra sənədləri İcra xidmətinin fəaliyyətində ən həssas yeri tutur: “Son illərdə aliment işlərində olan ciddi çoxalma icra qurumlarının iş yükünü artırıb. Bu qəbildən olan işlərin sayı 100 minə çatıb. Xeyrinə aliment ödənilməli olan uşaqların sayı isə 160 min nəfərə yaxındır. Son il yarım ərzində bu işlər üzrə 130 milyon manat vəsaitin tələbkarlara ödətdirilməsi təmin edilib. Alimentlə bağlı işlərin icrasını illər ərzində təmin etməyin özünəməxsus çətinlikləri var. Bu sahədə əsas çatışmazlıqların borcluların bir qisminin pandemiya şəraitində gəlirlərinin azalması, yaxud gəlirdən tam məhrum olmaları, bəzilərinin çağırışlara gəlməyərək axtarışda olması, qeydiyyatsız ünvanlarda yaşamaları ilə bağlıdır. Bəzi borcluların ölkə hüdudlarını tərk etməsi, müxtəlif xəstəliyə tutulması, yaxud məhkum edilməsi kimi hallar var”.
Aliment ödənilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər
Alimentin tutulması tələbinə dair qərarın icrasından imtina edən, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən bir sıra tədbirlər görülməsi mümkündür. Bu tədbirlər sırasına borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına və sair gəlirlərinə yönəldilməsi daxildir. Həmçinin, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirlərini də qeyd edə bilərik.
Məhkəmə qərarından sonra öncə cavabdehə icraata başlamaq haqqında qərar göndərilir. Ona qərarı 10 gün müddətinə könüllü icra etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər.
Aliment ödənilməməsi isə borclu tərəf üçün məsuliyyət yaradır. Çünki alimenti ödənilməmək məhkəmə qərarını icra edilməməsi kimi anlaşılır. Qanunvericiliyə görə, məhkəmə qərarını icra etməmək inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528-ci maddəsinə görə, məhkəmə qərarının icra edilməməsi cərimə və ya bir aya qədər inzibati həbs cəzası nəticələnə bilir. Bundan sonra da Məhkəmə qərarını qəsdən icra etməyən şəxsə Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsinə əsasən cərimə, ictimai işlərə cəlb etmə, eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Ailə Məcəlləsinin 64.0.2-ci maddəsində bu xüsusat öz əksini tapıb.
“Elektron icra” informasiya sistemi icra işinin səmərəliliyini xeyli artırıb
Rəsmi məlumata görə, 2021-ci ildə icradan yayınma hallarına yol verən 2 800 şəxs inzibati məsuliyyətə cəlb olunub. 244 borclu barəsində cinayət işi başlanılıb. İcradan qərəzli yayınan 1 562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Məhkəmə qərarını icra etmiş 1 245 nəfərin üzərindən isə belə məhdudiyyətlər götürülüb.
Nazirliyin İcra baş idarəsinin rəisi, baş icra məmuru İlqar Cəfərov da mediaya açıqlamasında xidmətin icraatında böyük iş yükünün olduğunu bildirib: “Qərarların icrası sahəsində işlərin yaxşılaşdırılması ilə bağlı təsirli tədbirlər görülür. Qanunvericilik təkmilləşdirilir, icra məmurlarının səlahiyyətləri genişləndirilir, bu sahədə yeni müasir mexanizmlər tətbiq edilir. Həmçinin, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunmasında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli rol oynayır. Artıq altı ilə yaxındır ki, “Elektron icra” informasiya sistemi fəaliyyət göstərir. Bu sistem icra işinin səmərəliliyini xeyli artırıb. Bu sistemin müxtəlif orqanların məlumat bazalarına inteqrasiyası hesabına zəruri sənədlərin, o cümlədən borclular barəsində məlumatların ani vaxt rejimində əldə olunması, bununla əlavə vaxt itkisinin qarşısının alınmasına müsbət təsir göstərir. Vətəndaşlara tərəf olduqları icra işlərinin gedişatının izlənilməsi, görülən icra tədbirləri barədə məlumatların əldə olunması, borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, “elektron ədliyyə” köşkü vasitəsilə borc ödənilməklə ölkədən getmək hüququna məhdudiyyətin avtomatlaşdırılmış qaydada götürülməsi imkanının yaradılması insanların rahatlığına xidmət edir. Təkcə 2021-ci ilin I yarısında nazirliyin “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumatın verilməsi” elektron xidmətindən bəhrələnənlərin sayı 115 minə çatıb.
İcra sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı zəruri işlər görülüb və Azərbaycan Respublikasının İcra Məcəlləsinin layihəsi üzərində iş başa çatdırılıb”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilir ki, hazırda, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da alimentin ödənilməməsi aktual problem olaraq qalmaqdadır: “Borclu olan tərəflər bir çox hallarda aylıq gəlirlərinin aşağı olması səbəbindən aliment ödəyə bilmədiklərini bildirirlər. Bəzi hallarda isə yenidən nikaha daxil olduqları üçün xərclərinin artmasını əsas gətirirlər. Ancaq komitəyə daxil olan müraciətlər əsasında aliment borcunun qəsdən ödənilməməsi halları da aşkarlanır. Bu halda aidiyyəti quruma məlumat verilir”.
Aliment ödənilməməsi ilə bağlı onlayn müraciət imkanı
Göründüyü kimi alimentlə bağlı məhkəmə qərarının icra edilməməsini bir sıra səbəblərlə əlaqələndirirlər. Səbəblər sırasında icra məmurlarının iş yükünün çoxluğu, qanunvericilikdə olan boşluqlar da var. Belə ki, məhkəmə qərarını yerinə yetirməyən borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir. Həmin qərar icra olunması üçün daxili işlər orqanlarına göndərilir. Bununla bağlı Ədliyyə və Daxili İşlər nazirlikərinin birgə əmri var.
Həmçinin, alimentlə bağlı məhkəmə qərarı icra edilmədikdə, vətəndaşların özləri də birbaşa aidiyyəti icra orqanlarına şikayət edə bilər. Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsi üzərində belə elektron xidmət göstərilir. Vətəndaş Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olaraq (https://exidmet.justice.gov.az:8284/Other/AppealToMinistry) elektron müraciət formasını doldurub şikayətini yuxarı orqana çatdıra bilər.
Məhkəmə qərarını icra etmədiyi üçün axtarışa verilən şəxslərin tapılması ilə bağlı şikayətlər olduqda isə vətəndaş Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Bunun üçün Daxili İşlər Nazirliyinin (https://e-muraciet.mia.gov.az/) internet səhifəsində onlayn müraciət formasını seçib doldurmaq lazımdır.
Alimentlə bağlı məhkəmə qərarlarının icrası ilə bağlı bütün prosesin elektronlaşdırılmasına ehtiyac var. Bu həm bu sahədə şəffaflığın təmin edilməsinə, həm də qərarların icrası prosesi ilə bağlı dəqiq statistika aparılması və aydın təsəvvür yaradılması üçün önəmlidir.
Emin Nəbili