“Uşaqla, uşağın uşağı dünyasını dəyişib. Bu bir faciədir”.
Bu sözləri “Ucnoqta.az”a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, həmin uşaqla qeyri-rəsmi nikahda olan şəxsi cinayətkar kimi həbs etməklə iş bitmir:
“Bəs bu cinayətkarla əlbir olan valideynlər, qohum-əqrəbalar, ətrafdakı insanlar, icra hakimiyyəti yanındakı komissiyalar... Bunların hansını deyək, hansından danışaq? Hər kəsin burda məsuliyyəti var. Heç kimin məlumatı yox idi ki, balaca bir qız evlilik həyatı sürür? Bunu bilirdilər axı. İndi o uşaqla cinsi münasibətdə olan adamın həbs olunması ilə bağlı bu problem bitəcəkmi?!”.
K.Ağazadənin sözlərinə görə, bu istiqamətdə o qədər böyük boşluqlar var ki, bunun aradan qaldırılması istiqamətində işlər aparılmalıdır: “İcra hakimiyyətləri yanındakı komissiyaların fəaliyyətsizliyi gətirib belə hallara çıxarır. Hər dəfə deyirik ki, ərazilər üzrə qeydiyyat aparılmalı, həssas ailələr araşdırılmalıdır. Təəssüf ki, bu ancaq sözdə qalır”.
Xatırladaq ki, fevralın 4-də saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilmişdir ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurub, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
Könül Oruc