Ucnoqta.az
www.ucnoqta.az

“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi yeni layihənin icrasına başlayıb

14:04 - 3 Fevral 2022 tarixində dərc olunub.

“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayır.

Təşkilatın sədr müavini Emin Nəbilinin sözlərinə görə, “Regionlarda talassemiya və qohum nikahlarının səbəb  olduğu genetik xəstəliklər barədə  maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihənin məqsədi qan xəstəlikləri ilə bağlı əhalinin maarifləndirilməsi, əhalinin qan donorluğuna təşviq edilməsi olacaq:

“Son illər respublikamızda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün davamlı addımlar atılır. Lakin talassemiya və qohum nikahların səbəb olduğu genetik xəstəliklərin qarşısının alınması istiqamətində respublikamızda görülən təbdirlərə baxmayaraq, problemi tam həll etmək mümkün olmayıb. 2015-ci ilin iyunundan  respublikamızda nikaha daxil olanların tibbi müayinəsinin aparılması da göstərdi ki, hər il yüzlərlə  talassemiya daşıyıcısı nikaha daxil olmaq istəyir. Bu da hər il yüzlərlə talassemiya daşıyıcısının doğulması deməkdir.

2006-cı ildən bəri qəbul edilən dövlət proqramları talassemiyalı xəstələrə tibbi yardımın təkmilləşdirilməsi, onların qan və dəmirqovucu preparatlarla təminatı sahəsində köklü dəyişikliyə səbəb olub. “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində isə  həm xəstəliyin müalicəsi, həm də  elektron bazanın formalaşdırılması, əhalinin maarifləndirilməsi istiqamətində ciddi addımlar atılıb.  Yeni proqram tibbi yardımın daha da təkmilləşdirilməsi və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəlib. Belə xəstələrin normal həyat fəaliyyətinin təmin olunması, əlillik və ölüm hallarının azaldılmasına qismən nail olunub.  2015-ci il iyun ayının 1-dən ailə quranlar nigahdan öncə məcburi şəkildə talassemiya və digər ağır xəstəliklər barədə tibbi arayış təqdim etməlidir. Buna baxmayaraq respublikamızda bu problem hələ də aktual olaraq qalır.

Qohumluğundan, milliyyətindən, dinindən asılı olmayaraq eyni xəstəliyin daşyıcılarının dünyaya gətirdiyi uşaqların xəstə olma riski böyükdür. Buna görə də insanların tibbi müayinədən keçməsi, qan xəstəlikləri ilə bağlı əhalinin maarifləndirilməsi, gənclərin qan donorluğuna təşviq edilməsi  üçün əhalinin maarifləndirilməsinə ehtiyac var.”

Emin Nəbili bu problemlərin həlli istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə ictimai dəstək məqsədi ilə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin 3 ay ərzində regionlarda bir sıra tədbirlər həyata keçirəcəyini qeyd edib: 
"Layihə Şəki, Ağdaş, Mingəçevir, Neftçala, Oğuz, Masallı rayonlarının ərazisində icra ediləcək. Layihə çərçivəsində həmin rayonlarda ekspertlərin iştirakı ilə talassemiya, qan donorluğu, donorluğun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı maarifləndirmə işləri aparılacaq".

Müəllif: