Sosial şəbəkələrdə vətəndaşlara narkotik satılır.
Vətəndaş “Instagram” sosial şəbəkəsi üzərindən narkotikin qiyməti barədə məlumat verir. Bildirir ki, narkotiki almaq üçün onlayn şəkildə pul ödənilir və onlar bu, vasitəni həmin şəxslərə yollayırlar.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində mütəmadi olaraq əməliyyat-texniki tədbirlər keçirilir:
“Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən sosial şəbəkələrdə monitorinqlər aparılır, həmin səhifələrin hər biri araşdırılır. İdarə edən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində qətiyyətli mübarizə tədbirləri görülür.
Onu da qeyd edim ki, əksər hallarda bu səhifələrin xaricdə yaradıldığı və idarə edildiyi müəyyən edilir. Həmin şəxslər bu əməllərini ölkədaxilində həyata keçirmək üçün narkokuryerlər tapmaq məqsədilə narkotik vasitələrin onlayn satışını təşkil edirlər.
Müşahidə zamanı görünür ki, bir çox hallarda vətəndaşlar bizi məlumatlandırmaq üçün “polisazerbaycan”ı həmin səhifələrdə işarələyir və bizə göndərirlər. Məlumat üçün bildirim ki, bu səhifələrə şərh yazdıqda, o cümlədən paylaşım edildikdə sosial şəbəkə alqoritmi həmin səhifələrin real olduğunu anlayır və bağlanmasında çətinliklər yaranır”.
DİN rəsmisi vətəndaşların belə şəxslərə aldanmamaq üçün çağırış edib:
“Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, belə səhifələrlə heç bir halda danışığa getməsinlər və aşkar etdikləri təqdirdə sosial şəbəkənin texniki imkanlarından istifadə edərək həmin səhifələri şikayət edərək fəaliyyətinin dayandırılmasında bizə kömək etsinlər”.