Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. General A. Vasyak Qarabağ savaşının ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında çox aktiv iştirak edib.
Bundan əvvəl isə 1992-ci ildə Vasyak Ağdərə istiqamətində ermənilərə qarşı çox uğurlu əməliyyatlarda şəxsən iştirak edib. Daha sonra general A. Vasyak Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsil vəzifədə çalışırdı. Ordudan tərxis olunduqdan sonra Vasyak Ukraynada yaşayırdı. İndiki müdafiə naziri general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.
Bir müdddət bundan öncə isə Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə ailə üzvlərinin yanına getmişdi. Bu gün isə o ağır xəstəlikdən dünyasını dəyişib. General A. Vasyakın həyat yoldaşı da onun vəfatı xəbərini təsdiqləyib.
Əldə etdiyimiz məlumata görə sabah general A. Vasyakın nəşi Bakıya gətiriləcək və o Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb.
Müdafiə Nazirliyinin rəsmilərindən biri olan general E. Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb və yaxın saatlarda mərhum general A. Vasyakla bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir.
Biz də onunla həm tabeçilik münasibətində və xidmət yoldaşı olaraq bərabər xidmət etdiyimizə görə, mərhuma Allahdan rəhmət, ailəsinə isə səbr və dözüm arzulayırıq. General Aleksandr Vasyakın Azərbaycan dövləti və xalqı qarşısında kifayət qədər xidmətləri və zəhməti olmuşdur.