Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 32 naməlum şəhidin məzarı açılacaq

19:18 - 3 Avqust 2021 tarixində dərc olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Müəllif: