“Ölkəmizin gələcəyini düşünməliyik...”

18:01 - 19 İyun 2020 - KİVDF

Fərasət Qurbanov:“ Bəzi QHT-lər ictimai nəzarəti, təhdidlə səhv salırlar ”

Güclü, sağam cəmiyyət və dövlət quruculuğu istiqamətində hazırlanan  “yol xəritələri ”, qloballaşan dünyanın şərtlərinə uyğun olaraq vətəndaş cəmiyyəti institutlarının yeni ideya, düşüncə və layihələrin düzgün koordinasiya olunması tələbini meydana çıxarır. Bu, vətəndaş və vətəndaş institutlarının üzərinə böyük məsuliyyət yükü qoyur.

Hazırki dövrdə vətəndaş hüquqla tənzimlənən sivil cəmiyyətini yaratmaq, onun inkişafına maneə törədən boşluqların, “zəif bənd”lərin aradan qaldırılması istiqamətində hansı yeni üsullar axtarır? Maarifləndirmə, ictimai fikrin və ictimai nəzarətin müsbət nəticələr verməsi üçün dövlət-cəmiyyət arasında hansı əlaqələndirici addımlar var?Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov “Üç nöqtə”yə müsahibəsində bu və digər məsələlər ətrafında maraqlı nüanslara diqqət çəkib.

“Ölkəmizdə ictimai fikri təhlil edən, öyrənən vətəndaş cəmiyyətlərinin “beyin mərkəzləri” demək olar ki yoxdur”
- Fərasət müəllim, qlobal dünyanın kataklizmlərlə uğraşdığı bir vaxtda insanlarımızı yad təsirlərdən qorumaq üçün cəmiyyətin, insanların düşüncələrini təhlil edib öyrənən, onu milli-mənəvi dəyərlərə yönləndirən vətəndaş cəmiyyətləri təşkilatları bu gün özünü necə ifadə edə bilir. Ümumiyyətlə. belə mərkəzlər varmı?

- Əslində qeyri-hökumət təşkilatlarının fəlsəfəsində məhz düşüncələrin birləşdirilməsi dayanır. Əgər hansısa bir şəxs qadınların hüquqlarının müdafiəsi ilə bağlı bir ictimai birlik yaradırsa, o öz  tərəfdarlarını bir araya gətirib bu amal uğrunda fəaliyyət göstərir. Burada sizin dediyiniz məsələ daha çox “beyin mərkəzləri”nə aiddir. Ayrı-ayrı sahələr üzrə ictimai fikrin öyrənilməsini analiz edən, ictimai fikri yönəltmək üçün reseptlər hazırlayan “beyin mərkəzləri” olmalıdır. Onunla razıyam ki, ölkəmizdə ictimai fikri təhlil edən, öyrənən vətəndaş cəmiyyətlərinin “beyin mərkəzləri” yoxdur. Onların hazırladığı hesabatlar alternativ fikri, vətəndaş mövqeyini ifadə edir və bunun öyrənilməsi təhlili, yönləndirlməsi vacibdir. Əminəm ki, bu istiqamətdə mərkəzlər yaradılacaq, onlar ictimai fikrin yönləndirilməsinə öz töhfələrini verəcəklər.

- Fərasət müəllim, ictimai şuralarla bağlı problemlərin ortaya çıxmasına səbəb nədir?
- Hesab edirəm ki, bu, ilk növbədə məlumatsızlıq və təcrübənin olmamasından irəli gəlir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası artıq növbəti dövrlərdə  ictimai şuraların üzvəri üçün təlimlərin keçirilməsini nəzərdə tutur. Pandemiya olmasaydı biz bu işə tez başlayacaqdır. Hesab edirik ki, ictimai şuraların üzvlərinə öz funksiyalarını daha yaxşı yerinə yetirilmələri üçün təlimlər keçirilməlidir. Onlar bilməlidir ki, ictimai nəzarət dedikdə nə nəzərdə tutulur, onlar bunu necə həyata keçirməli və təmin etməlidirlər... Bu sahədə bilginin az olması təbii ki, öz növbəsində ictimai nəzarətin də yaxşı təşkil edilməməsinə gətirib çıxardıb. Bəzi yerli icra hakimiyyətlərinin nəzdində ictimai şuralar yaradılıb. Lakin bunu yaradanda da düşünməməlisən ki, bura elə təşkilatları seçilsin ki, bizim dediyimizi desinlər. Əslində bu cür yanaşma icra hakimiyyətlərinin fəaliyyətinə çox mənfi təsir edəcək. Beləcə onların fəaliyyətinə real vətəndaş münasibətini göstərən bir indikator olmayacaq. Ona görə də  ictimai şuralara elə adamların seçilməsini təmin etməlidirlər, bu o qədər sərbəst şəffaf keçirilməlidir ki, seçilən şəxslər onlara yardım etsinlər. İctimai şuralar nə deyir? Deyir ki, hörmətli icra hakimiyyəti orqanı, filan qurum, bu gün ictimai rəy sizinlə bağlı bu fikirdədir. Deməli, dövlət qurumu da dərhal həmin rəyin müsbət mənada dəyişməsi üçün addımlar atır.  Amma bunu başqa formada etsək, ictimai rəyi öyrənə bilmərik.  Beləliklə, dövlət qurumu bir səhv buraxırsa, nəzarətin olmaması həmin səhvin təkrarlanmasına imkan yaradır.  Hesab edirəm ki, icra hakimiyyəti orqanları maraqlı olmalıdırlar ki, ictimai şuraların tərkibinə məhz onların fəaliyyət sahələri üzrə ixtisaslaşmış vətəndaş cəmiyyətləri iştirak eləsin, sözün yaxşı mənasında da dövlət qurumu həmin ictimai şuranın xidmətindən istifadə etsin.

- Bu günün ictimai rəyinə əsaslansaq,  icra hakimiyyətlərinin fəaliyyəti, eləcə də vətəndaşla münasibəti heç də ürəkaçan hesab edilmir. İcra hakimiyyətlərinin özlərinə yaratdıqları bu mənfi imicə baxsaq, sizin irəli sürdüyünüz təkliflərin reallaşacağına inanmaq olar?
 - Artıq dövlətin korrupsiya ilə mübarizə sahəsində ciddi iradəsi ortaya qoyulub. Cənab Prezident dəfələrlə öz çıxışlarında bu mübarizənin gələcəkdə də davam edəcəyini bildirib və dövlətimiz korrupsiyanın kökünün kəsilməsi üçün bütün zəruri addımları atır. Əminəm ki, ictimai şuraları maarifləndirməklə gələcəkdə fəaliyyətlərini daha dolğun şəkildə həyata keçirmək olar. Artıq dövlət məmurları da bilirlər ki, dövlətimizin korrupsiya ilə bağlı sərt mövqeyi ortadadır. Ölkəmizdə bu sahədə ciddi islahatlar aparılır və əminəm ki, gələcəkdə bütün qurumlar dövlətimizin bu sahədə apardığı islahatlara tezliklə reaksiya verərək ictimai şuraların öz fəaliyyətinin qanunamüvafiq təşkili üçün köməklik göstərəcək.

- Siz qeyd etdiniz, cəmiyyətimiz ölkədə çox ciddi islahatlara şahidlik edir və bir çox hallarda könüllü olaraq bu prosesdə iştirakçıya çevrilir. Bəs vətəndaş cəmiyyətləri özləri bu islahatlar prosesində nə dərəcədə təsir imkanına malik oldular?
- Vətəndaş cəmiyyətləri həmişə islahatlar prosesinin önündə gedib. QHT-lərin hökumətin təşviqi, hökumət - vətəndaş cəmiyyəti platforması fəaliyyət göstərir. Həmin platforma vaxtaşırı dövlət qurumları nümayəndələrinin təmsilçiliyi ilə ictimai müzakirələr təşkil edir və müzakirələrdə korrupsiya ilə bağlı aparılan mübarizə, islahatlar, onların əsl mahiyyəti haqqında ictimai maarifləndirməni təmin edir.  Təbii ki, bu gələcəkdə də davam etdiriləcək, vətəndaş cəmiyyəti təşkilatları dövlətimiz tərəfindən bu sahədə aparılan islahatları dəstəkləməklə yanaşı, həmin islahatların ayrı-ayrı kompanentlərinin ictimaiyyət arasında geniş şərh olunmasında yaxından iştirak edir.

“Ölkəmizin tarixi ərazilərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələlər ictimailəşdirilməlidir”
- Bu gün Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni terrorunun ortaya çıxarılması üçün vətəndaş cəmiyyətlərinin işi nə dərəcədə qaneedicidir və bu prosesdə televiziyalarla əməkdaşlığınız varmı?

- Şura yarandığı ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri özünün əsas mövzuları kimi elan edib. Bu gün də bu proses davam edir. Biz Qarabağ münaqişəsi ilə bağlı 100-lərlə layihələri maliyyələşdirmişik. Burda təbii ki, məqsəd Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün aparılan ardıcıl işlərə ictimai dəstəyin verilməsi, daha çox xarici tərəfdaşlar toplamaq, bu sahədə beynəlxalq QHT həmrəyliyinə nail olmaq, eyni zamanda Azərbaycan həqiqətlərini xarici media qurumlarına, QHT vasitəsi ilə beynəlxalq təşkilatlara çatdırmaq,  əsir və girovluqda olan soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı işlər aparmaqdır. Eləcə də, əsas məqsəd Xocalı Soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun apardığı çoxsaylı fəaliyyətə dəstək durub, Qarabağ mövzusunda ayrı-ayrı ölkələrdə konfranslar təşkil etməklə daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsini gündəmdə saxlamaqdır. Bizim Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə 20-də çox layihəmiz var və bu il həyata keçirilməli idi. Pandemiya ilə əlaqədar olaraq ölkələrarası əlaqələr kəsildiyinə görə həmin layihələrin icrası bir qədər yubanır. İlin sonuna qədər sərhədlər açılsa, bizim QHT- lərimiz ötən illərdə olduğu kimi Avropanın ölkə və şəhərlərində bununla bağlı tədbirlər aparacaqlar. 

Xəbər xətti