Maestro Ceyhun: “Ömrümün sonuna qədər də bir yerdə olacağıq”

16:35 - 15 May 2020 - Müsahibə

“Bayağılaşma böyük bir fəlakətdir”

“Yaradıcı insanlar uşaqlığa, xatirələrə qarşı biganə qala bilmirlər. İncəsənət insanları belədirlər. Onlar üçün xatirələr, keçmiş illər, günlər unuda bilməyəcəkləri sırasında yer alır. Bu məndə də belədir. Ona görə deyirəm ki, uşaqlıq illərim üçün darıxıram”. “Üç nöqtə” qəzetinin qonağı hamının Maestro Ceyhun kimi tanıdığı Respublikanın Əməkdar artisti Ceyhun İsmayılovdur.

-Ceyhun bəy, notlar sizinlə danışır?
-Notlar musiqini dərk edən hər bir adamla danışır, danışmağa meyil edir. Hər not bir rəngdir. Bu musiqi fantaziyasından doğan bir məsələdir. “Do” notu birinci notdur, o, qara rəngdirsə, artıq digər notlara doğru rənglilik özünü göstərir. Ortada olan “si” notu bəyaz rəngi xatırladır.

-Sizə görə, dünya böyükdür, ya kiçikdir?
-Əslində, deyirlər ki, dünya kiçikdir, amma mənə görə belə deyil, balaca yer oradır ki, bu başından baxırsan, o biri tərəf görsənir. Bildiniz, nə demək istəyirəm? Balaca bir məhləni göz önünə gətirin, nə demək istədiyimi anlayacaqsınız.

-Musiqidə ritm, rəssamlıqda ləkələr, ədəbiyyatda söz...
-Ritm insanlar üçün hər şeydir. İnsanın dünyaya gəlişi, ağlamağı belə ritmdir. İnsanlar ritm üzərində qaçır, ağlayır, hətta gülür də. Bunları nəyə görə bilirəm, 5 yaşımdan musiqiyə ritmlə başlamışam. Skripkadan əvvəl nağaraya getmişəm. Ona görə də dediklərinizlə razıyam, rəssamlıqda ləkələrdir, insanın ilk ağlına gələn onlar olur, ədəbiyyatda söz, musiqidə də ritm.

-Deyirlər ki, Nikkolo Paqanini qəlbini şeytana satıb deyə skripkanı daha möhtəşəm ifa edir. Bununla bağlı nə söyləyə bilərsiniz?
-Açığı bu suala cavabı sizə skripkaçılardan heç kim deməyəcək. Ona görə də mən söyləyim. Azərbaycanda skripkanı mənim kimi ifa edən yoxdur. Bu birmənalıdır. Verdiyiniz sual skripkaçıdan savad və məktəb tələb edir ki, ona görə digər skripkaçılar cavab verə bilməyəcək. Çünki onların böyük əksəriyyəti kamançadan skripkaya keçiblər və ya skripkaçı olsalar da, orta musiqi təhsili ilə kifayətləniblər. Odur ki, diqqətlə qulaq asın. Həqiqəti bilmək istəyirsinizsə, heç kim qəlbini şeytana satmayıb. Musiqidə 3 dövr var. Birincisi, klassik dövr, əsası İohan Sebastyan Bax tərəfindən qoyulub, ikincisi, romantik dövr, əsası Nikkola Paqanini tərəfindən qoyulub və müasir dövr, əsası Pyotr Çaykoviski tərəfindən qoyulub. Paqanini romantizmin banisidir. Onun əsərlərində fəlsəfi baxışlar öz əksini tapıb. O vaxt kilsə xadimləri Paqaniniyə təklif etmişdilər ki, kilsə üçün işləməlisən, o isə etiraz etmişdi. Bu səbəbdən də kilsə onu təqib etdi. Hətta Paqanininin vəfatından sonra 72 il onun cəsədi daimi bir qəbrə tapşırılmadı. Müxtəlif illər ərzində bu qəbrdən o birisinə, o birisindən isə digərinə köçürüldü.

-Həyatdakı seçimlərinizdən razısınız?
-Razıyam. Allah bizə beyin verib. Bax o beyinlə nələrisə ölçüb-biçirik, nələrisə seçirik. Mən seçimlərimdən heç vaxt peşman olmamışam, onlardan narazı qalmamışam.

-Məsləhət almağı sevirsiniz, ya verməyi?
-İmkan olan yerdə ancaq almağı sevirəm. O əvvəl idi məsləhət almadan nəyəsə qərar verərdim. Yaxşı yadımdadır, uşaqlıqda ağsaqqalların yanında oturub onların söhbətlərini dinləyirdim, hər xırda məqama diqqət yetirirdim. İndi belə şeylərlə rastlaşmıram.

-Hədəfinizə nail olmasaydınız, nə baş verərdi?
-Bilmirəm, yəqin ki, belə bir şey olmazdı. Çünki Allah mənə yazıb ki, skripkaçı olmalıyam. Hərdən müəllimlərimi görürəm, danışıram ki, axı siz deyirdiniz, dərsi bilən əlini qaldırsın. Biz də əlimizi bildiyimiz halda qaldırırdıq. İndi onları görəndə söyləyirəm ki, heyif öyrətdiklərinizə. Çünki indi bilməyənlər bilənlərə imkan vermirlər. Amma o vaxt bilməyənlər utandığından başlarını aşağı salırdılar. Çox qəribədir ki, zəif musiqiçilər birləşib kütləni məhv etməyə nail olmağa çalışırlar.

-Bayağı musiqilər sizin də yaralı yerinizdir, deyəsən...
-Bayağılaşma böyük bir fəlakətdir. Bilirsiniz, mən musiqi məktəbini, bunun ardınca musiqi texnikumunu, daha sonra isə Musiqi Akademiyasını bitirmişəm. Yəni ali savadlı musiqiçiyəm. Mən elə bilirəm ki, ciddi musiqini sevən insan bayağı mahnıları dinləmir.

-Niyə bəs sizin kimi sənətçilər meydanı o bayağı dediyiniz ifaçılara verib?
-Biz meydandayıq, sadəcə bayağılar o qədər çoxdur ki. Günah onları efirə buraxan insanlardadır. Mən onların yerində olsam, oxumazdım. Getsinlər başqa sahə ilə məşğul olsunlar, bəlkə uğur əldə edərlər. Televiziyaya deyəndə söyləyir ki, özəl kanalam, gəlir əldə etməliyəm, işçilərimi dolandırmalıyam. Onlar işçilərini dolandırır, lakin mənəviyyat gedir. Bunun da axırı faciədir. Bayağılaşma illər öncədən var idi. Bilirsiniz, nə zamandan? Özəl kanallar ki, yarandı, bax, o vaxtdan.

-Ceyhun bəy, öyrənməyə meyillidir, yoxsa öyrətməyə?
-Mən, ümumiyyətlə, öyrənməyə meyilliyəm, amma öyrənəndən sonra onu təkmilləşdirib həvəslə öyrətməyə də meyilliyəm. Düzünü deyim? İndi çox insanlar öyrənmək istəmirlər. Ona görə də biz özümüz ömrü boyu öyrənə-öyrənə yaşa doluruq. Primitiv bir nümunə çəkim, birinin maşını xarab olan kimi ustaya zəng edir. Ustaya qədər özü baxmır ki, bacararam, yoxsa yox. Hamısı nədən irəli gəlir? Öyrənmək həvəsi yoxdur insanların çoxunda.

-Belə bir deyim var, səhv etməklə öyrənirik. Bəs niyə biz insanlar səhv etməkdən qorxuruq?
-Bilirsiniz, səhvi etməmək üçün o səhvi edən insanların həyat yollarına nəzər salmaq lazımdır. Bir az öncə dedim, məsləhət yaxşı şeydir. Gənc yaşlarımızda bizə deyiləndə filan şeyi etməyin, biz edib səhv olduğunu anlayanda fikirləşirdik ki, kaş etməzdik. Bax o “kaş etməzdim” cümləsi ilə qarşılaşmamaq üçün zamanında düzgün seçim etmək lazımdır.

-Heç elə bir insan olub ki, ona sərf etdiyiniz zamana heyifsilənəsiniz?
-Kiməsə sərf etdiyim zamanı əvvəllər gec başa düşürdümsə, indi tez anlayıram. Kiməsə sərf etdiyin zaman insanın özündən gedən zamandır. Mən heyifsilənmirəm ki, niyə sərf etmişəm. Anlayıram, əgər düzgün insana sərf etmirəmsə, uzaqlaşıram. Həmişə fikirləşmişəm ki, deməli, belə olmalı idi.

-Kimə minnətdarsınız?
-İlk olaraq Allaha, sonra valideynlərimə və müəllimlərimə minnətdaram. Allaha ona görə minnətdaram ki, məni insan olaraq yaradıb və musiqiçi kimi taleyimi yazıb. Valideynlərimə ona görə minnətdaram ki, məni dünyaya gətirib, qayğımı çəkib, böyüdüblər. Müəllimlərimə isə (müəllimlik şərəfli peşədir) öyrətdikləri üçün minnətdaram. Onlar mənə daim nələrisə öyrədiblər. Üzərimdə əziyyəti olan bütün müəllimlərimə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm, dünyadan köçən müəllimlərimə isə Allahdan rəhmət diləyirəm.

-Sizin üçün hansı ifadə daha doğmadır?
-Düzgün olan, özündə anlam daşıyan hər bir ifadə mənim üçün doğmadır. Yəni xüsusi olaraq deyə bilmərəm ki, bu ifadə mənə doğmadır. Allah, Vətən, ana, müəllim, torpaq və digər ifadələr var ki, bax onları özümə doğma hesab edirəm.

-Nəyin həsrətini çəkirsiniz?
-Dünyasını dəyişmiş atamın həsrətini çəkirəm. Hərdən uşaqlığımı xatırlayıb onun həsrətini çəkirəm. Şənbə, bazar günləri topla futbol oynayıb, sonra dərsləri etmək ən böyük xoşbəxtliklərdən biri imiş. Bax o illərimin həsrətini duyuram hərdən.

-Deməli qəlbinizdə hələ də uşaq hissləri var?
-Əlbəttə. Yaradıcı insanlar uşaqlığa, xatirələrə qarşı biganə qala bilmirlər. İncəsənət insanları belədirlər. Onlar üçün xatirələr, keçmiş illər, günlər unuda bilməyəcəkləri sırasında yer alır. Bu məndə də belədir. Ona görə deyirəm ki, uşaqlıq illərim üçün darıxıram.

-Sonda belə bir sual verim, skripkanı tez-tez əlinizə götürüb ifa edirsiniz?
-Əvvəllər tez-tez məşqlər edirdim, amma ailə qayğıları artdıqca, işlərin sayı çoxaldıqca məşqlər bir az azalır. Hər halda həyat öz sözünü deyir, mən də yavaş-yavaş yaşa doluram. Yaşımın artmasına baxmayaraq skripkadan aralı düşməmişəm. Şükür Allaha hələ ki, birlikdəyik və mənə elə gəlir, ömrümün sonuna qədər də bir yerdə olacağıq.

-O zaman sizin ən vəfalı dostunuz da skripkadır...
-Başqa cür ola da bilməz. Ən vəfalı və heç vaxt darda qoymayan dostum!

-Allah sizi o dostunuza çox görməsin. Müsahibim olduğunuz üçün sizə minnətdaram, Ceyhun bəy.
-Mən də sizə minnətdaram.

Rövşən Tahir


Xəbər xətti