Magistr pilləsinə imtahansız qəbul olan tarzənlə müsahibə

12:24 - 14 May 2020 - Müsahibə

“Mirzə Sadıqcan tarı dizdən sinəyə qaldırmayıb”

“Gənc ifaçı kimi çox uğurlarım olub. Hələ Musiqi Kollecində oxuduğum zaman 1-ci kursda Prezident təqaüdünə layiq görülmüşdüm. O yaşda olan bir kəs üçün bundan böyük uğur ola bilməzdi. Daha sonra böyük səhnələrdə çıxış etmişəm, müsabiqələrdə iştirak edib, mükafatlar almışam. Bunlar hamısı zəhmətin nəticəsində baş verib. Ətrafda bu uğurlara sevinən də olur, qısqanan da”. “Üç nöqtə” qəzetinin qonağı gənc və istedadlı tarzən Tofiq Məmmədovdur.

-Tar bizim milliliyimizi göstərən musiqi alətidir. Çox tarzən söyləyir ki, tarla tanışlıqları uşaqkən olub və ifa etməyə başlayıblar. Bəs sizdə tara necə maraq yarandı?
-Tara 10 yaşımdan başlamışam. Valideynlərimin istəyi ilə bu aləti seçmişəm. Bəllidir ki, 10 yaşında bir uşağın hansısa bir alətdən, musiqidən anlayışı yetərincə olmur. Ona görə də bu sənətə gəlməyimdə valideynlərim rol oynayıb. 5 il musiqi məktəbində oxudum. Orada oxuduğum müddətdə nailiyyətlər qazandıqca tara həvəsim artdı. Daha sonra Asəf Zeynallı adına Musiqi Kollecində, sonra isə Milli Konservatoriyada təhsilimi bakalavr pilləsi üzrə davam etdirdim. Onu da əlavə edim ki, beynəlxalq müsabiqədə qalib olduqdan sonra magistr pilləsində təhsilimi davam etdirmək üçün imtahansız vəsiqə qazandım. Magistraturanı da bitirdim və hazırda Musiqi Kollecində müəlliməm.

-Tənqidə qarşı necəsiz? 
-Tənqidə necə yanaşıram? Baxın, insanları nəyəsə görə tənqid edəndə onların çoxsunun xoşuna gəlmir. Məni də sənət baxımından tənqid edirlər. Amma deyim ki, bunların hər birini də qəbul etmirəm. Hər edilən tənqid də düz deyil axı. Kimsə nəsə deyə bilər, bunu normal qarşılayıram, amma baxır, kim deyir.

-Bir müəllim kimi öz işinizə münasibətiniz necədir? Tələbələrinizdən razısınız?
-Artıq 3-cü ildir ki, Musiqi Kollecində müəlliməm. 16 nəfər tələbəm var. Tələbələrimlə dost kimiyəm. Müəllimlərimdən gördüyüm münasibəti tələbələrimə yansıdıram. O müəllimin dərsinə tələbə sevə-sevə gedir ki, müəllim onunla dost olur. Düzdür, hörmət öz yerində olmalıdır, amma səmimiyyət mütləqdir. İşimə olan münasibətdan danışdıqda isə ona olan münasibətim çox gözəldir. Bu yaşımda Musiqi Kollecində dərs demək mənim üçün böyük fəxrdir.

-Sənətdə çətinlikləriniz çox olub, yoxsa həyatda?
-Daha çox həyatda çətinliklərim olub. Mən Qarabağ zonasındanam. 1991-ci il təvəllüdlü bir uşaq 1993-cü ildə öz torpağından aralı düşür. Təsəvvür edin, uşaqlıq illərim o qədər ağrılı-acılı keçib ki. Ailəmlə birlikdə çox çətinliklər görmüşük. Sənətdə isə bir o qədər də çətinliyim olmayıb. Həyatın ağır bir zərbəsi isə mənə atamın vəfatı olub. Atamın vəfatından sonra anladım ki, ayaqlarım üstdə durmalıyam.

-Bir gənc ifaçının sənətdə qazana biləcəyi  uğurların bir çoxunu qazanmısınız. Bu, dostlarınızın qısqanclığına səbəb olmayıb ki?
-Bəli, gənc ifaçı kimi çox uğurlarım olub. Hələ Musiqi Kollecində oxuduğum zaman 1-ci kursda Prezident təqaüdünə layiq görülmüşdüm. O yaşda olan bir kəs üçün bundan böyük uğur ola bilməzdi. Daha sonra böyük səhnələrdə çıxış etmişəm, müsabiqələrdə iştirak edib, mükafatlar almışam. Bunlar hamısı zəhmətin nəticəsində baş verib. Ətrafda bu uğurlara sevinən də olur, qısqanan da. Təbii ki, qısqananları hiss etmək olur.

-Bəs siz özünüz məhşur tarzənlərimizdən kimlərə həsəd aparırsınız? Hansı tarzənlərimizin ifasını dinləyirsiniz?
-Məşhur tarzənlərdən qulaq asdığım, həsəd apardıqlarım var. Hacı Məmmədov, Əhsən Dadaşov kimi tarzənlərin ifalarına qulaq asa-asa öyrənmişik. İndinin özündə belə onları dinləyib öyrənirik. Ramiz Quliyev, Möhlət Müslümov, Elçin Haşımov kimi tarzənlərdən çox şey öyrənmişik. Elçin müəllim mənim öz müəllimim olub. Bilirsiniz, musiqiçi bütün musiqiçilərə qulaq asmalıdır, onlardan bəhrələnməlidir. Bizim kitabxanamız dinləməklə zənginləşir.

-İzləyicilər arasından gözləmədiyiniz halda sizə yaxınlaşıb fikir bildirənlər olubmu?
-Bu daha çox konsertlərdən sonra olur. Konsert bitdikdən sonra izləyicilərdən yaxınlaşanlar, fikir bildirənlər, təbrik edənlər olub. Bunlar baş verə biləcək şeylərdir. Böyük səhnələrdə çıxışlarımdan sonra belə hallarla çox qarşılaşmışam.

-Tarı simli alətlərdən gitara ilə müqayisə etmək olar. Bəs tar modern mahnıları ifa etmək baxımından gitara ilə yarışa bilərmi?
-Tar elə bir alətdir ki, potensialı böyükdür. Onda istənilən xarici bir musiqini ifa etmək olar. Bu yaxınlarda özüm Snoop Dogg-un “Still dre” mahnısını tar ilə siztez eləmişəm. Mənə görə, tar dünya arenasına çıxa bilən bir musiqi alətidir. O baxımdan deyirəm ki, tar gitaradan geri qalmır. Nəinki gitaradan, eləcə də digər simli musiqi alətlərindən.

-Bildiyimiz kimi, tar aləti XIX əsrdə müəyyən islahatlar yaşadı. Onlardan biri də tarın dizdə ifadan sinədə ifasına keçid oldu. Sizcə, hazırda tarda hər hansı bir dəyişikliyə ehtiyac varmı?
-Tarın 5 simi olub. Ona 6 simi Mirzə Sadıqcan əlavə edərək tarı 11 simli edib. Bir məqamı da qeyd edim, Mirzə Sadıqcan tarı dizdən sinəyə qaldırmayıb. Sadıqcandan da əvvəl tar sinə üzərində çalınıb. Düzdür, hamı deyir ki, tarı Sadıqcan dizdən sinəyə qaldırıb, lakin bu belə deyil. Bir çox tarzəndən soruşsaq, onlar iddia edəcək ki, Mirzə Sadıqcan bunu edib. Abbasqulu müəllim Nəcəfzadənin kitabında da bu öz əksini tapıb ki, tar Mirzə Sadıqcandan əvvəl sinə üzərində ifa edilib.

-İmkanınız olsa, tarda hansısa dəyişiklikləri edərsiniz?
-Tarda bəzi çatışmayan şeylər var ki, onlarda dəyişiklik etmək olar. Məsələn, “Maye-Çahargah” muğamını biz bəmdə ifa edirik. Tarda olan “lya” pərdəsini biz bəmdə qoyuruq, amma zildə bunu qoya bilmirik, ya “lya-mol”, ya da “lya-bekar” qoyuruq. Bax tarda bu kimi dəyişiklik etmək istərdim ki, bəmdə qoyduğumuz kimi zildə də “lya” pərdəsini qoya bilək.

-Tar Avropada sadəcə ekzotik bir Şərq aləti kimi qəbul olunur, yoxsa ciddi bir musiqi aləti kimi də tanınır?
-Tar təkcə ekzotik deyil, həm də ciddi bir alət kimi tanınır. Çünki Avropanın ciddi əsərlərini tarda ifa eləmək mümkündür. Mən özüm də ifa eləmişəm. Vivaldinin “Qasırğa” əsərini ifa etmişəm. Onu demək istəyirəm ki, ciddi bir əsərlər ifa etmək olur. Ona görə də onu ektozik bir Şərq aləti kimi nəzərdən keçirmək düzgün olmaz.

-İran tar ifaçıları da dünyada kifayət qədər tanınır, sevilirlər. Dünyada Azərbaycan ifaçıları ilə İran ifaçıları arasında bu baxımdan hər hansı rəqabət varmı?
-İrandakı tar şiraz tarı sayılır. Onların tarı diz üstündə çalınan bir tardır. Şiraz tarının səslənməsi bizim tardan çox fərqlidir. Azərbaycan tarının müqayisəsinə gəldikdə isə müqayisə etmək istəməzdim. Bizim tarı kimsə eşidəndə valeh olur. Mənə görə bizim tar üstündür. Rəqabət məsələsinə qaldıqda isə İran musiqiçiləri bizim tar ifaçılarımıza həsəd aparırlar. Bizim musiqiçilər tarda ifa edəndə onlar çox diqqətlə qulaq asırlar. Bu istər muğam üçlüyündə olsun, istər soloda, onlar istənilən halda bizim tarı diqqətlə dinləyirlər.

-Kimi müşayiət etmək istərdiniz?
-Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova kimi xanəndələri müşayiət eləmişəm. Aygün xanımı, Mənsum müəllimi yenidən müşayiət etmək istəyərəm. Bu iki sənətkarla yanaşı digər ustad sənətkarlarımızı da müşayiət etmək istəyərəm.

-Azərbaycan tarzənləri arasında çox nadir ifaçılar olub ki, həm solist, həm də müşayiətçi kimi fəaliyyət göstəriblər. İkisini də icra etmək və ikisində də uğur qazanmaq sizin üçün çətin deyil ki?
-Etiraf edim ki, hər ikisini birlikdə aparmaq çətindir. İfaçılar var ki, ya solodadır, ya da müşayiət edirlər. Mən daha çox solist kimi çıxış edirəm. Müşayiətlərim də olur, lakin daha çox solo ifalardayam. Uğurlarımın böyük bir qismini solo ifalarda qazandığım üçün mənə görə solo daha yaxşıdır.

-Bu sənətdə nəyəsə görə heyifsilənmisiniz?
-Nəyə görə heyifsilənirəm? Bir çox ifaçılar və xanəndələr var ki, irəli gedə bilmirlər. Onlardan zəif olanlar, kiminki tanışı var efirlərə, tədbirlərə dəvət alırlar. Görürsən ki, o yerə layiq deyillər, amma gündəlik efirləri zəbt ediblər. İstedadlı şəxslərin kənarda qalması adama toxunur, bax o zaman heyifsilənirəm.

-Nə düşünürsünüz, insan həyatda necə iz qoymalıdır?
-Elə bir iz qoymalıdır ki, onu xatırlayanda ünvanına xoş sözlər deyilsin. Sənətdə sənəti ilə, həyatda isə davranışı, xarakteri ilə seçilməlidir musiqiçi. İnsan çalışmalıdır ki, yaxşı əməllərlə yadda qalsın.  Əgər bir kəsin adı çəkiləndə ağla pis bir şey gəlirsə, deməli, o, yaxşı əməllərdən çox pis nələrsə edib. Pisliyi hər kəs bacarır, amma yaxşılığı yox.

-Bugünkü Tofiq olmaq üçün mən...
-Bugünkü Tofiq olmaq üçün mən sənətdə əziyyət çəkdim. Musiqi məktəbindən bu günədək tarla saatlarla məşğul oluram. Loru dildə desəm, tarla yatıb dururam. Musiqi məktəbində çox əziyyətlərim olub. Həmin məktəbdə dərs üçün otaq çatışmırdı. Mətbəxdən məşq otağı kimi istifadə edirdim. Müəllimim Nadir Babayev sağolsun, mətbəxi mənim üçün məşq otağı etmişdi. Daha sonra kollecdə oxuyanda da günümün çoxsunu tara sərf eləmişəm. Elə gün olub ki, 15-17 saat tarla məşğul olmuşam. Bu uğurların arxasında o günlərin əziyyətləri dayanır.

-Bəzən elə məqamlar olur ki, insan özünə yer tapa bilmir, özünü nəyləsə ovutmaq istəyir. Belə anlarda tarınız köməyinizə çatırmı?
-Bütün insanlarda bu hal baş verir ki, özünə yer tapa bilmir. Məndə də olub, amma bu halda tar köməyimə çatmır. Nə yalan deyim, belə məqamlarda tar ifa etmirəm ki, fikrim yayınsın.

-Dəvətimi qəbul etdiyiniz üçün çox sağolun.
-Siz sağolun.

Rövşən Tahir


Xəbər xətti