Vətəndaş Cəmiyyəti institutları dövlətin siyasətini müdafiə edirlər

17:17 - 27 Aprel 2020 - KİVDF

Elman Nəsirov: “Azərbaycandakı vətəndaş cəmiyyətləri institutları vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər bir yol keçiblər”

Bu gün dünya COVİD - 19 pandemiyasına qarşı birgə mübarizəyə qoşulub. Bir çox ekspertlər bəşəriyyətin xilası naminə birləşən dünyanın yeni bir düzənə keçid ərəfəsində olduğunu iddia edirlər.  Pandemiya eyni zamanda vətəndaş - cəmiyyət vəhdətini önə çəkir və yeni münasibətlər sistemini formalaşdırır. Nə baş verir, dünya və ayrı-ayrı cəmiyyətlər bu prosesdə hansı yenilənməyə sahiblənəcəklər?

Bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”yə müsahibə verən millət vəkili Elman Nəsirov gündəmdə olan mövcud iddialarla bağlı maraqlı nüanslara diqqət çəkib.

-Elman müəllim, siz də qeyd etdiniz, pandemiyadan sonra dünya yeni düzənə keçəcək. Nəzərə alsaq ki, dünyanı idarə edən, böyük gücləri  formalaşdıran da məhz insanlardır, deməli, birinci növbədə insanın dünyaya baxış xarakteri və istəkləri dəyişməlidir? Sizcə pandemiya insan maraqlarını, xarakterini dəyişə biləcəkmi?
-Buna inanmıram. Məsələ ondadır ki, 1918-ci ildə dünyanı “ispan qripi” bürüdü. Ondan sonra dünya dəyişdi və “Versal” sülhü bağlandı.  “Versal sistemi” deyilən beynəlxalq münasibətlər sistemi formalaşdı. Amma “Versal” beynəlxalq münasibətlər sistemi 1-ci dünya müharibəsinin nəticələri üzrə formalaşdı. Baxmayaraq ki, qrip milyonlarla insanın taleyinə son qoydu, amma “ ispan qripi” “Versal” beynəlxalq münasibətlər sistemini müəyyən edən həlledici amil statusunda çıxış etmədi. Pandemiya təbii ki, bundan sonra səhiyyə, sağlamlıq məsələlərinə diqqətin artırılması, yeni xəstəxanaların tikilməsi, həkim personalının bilik və bacarığının, peşəkarlığının gücləndirilməsi və sair məsələləri daha da aktuallaşdıracaq. Amma bütövlükdə pandemiyadan sonra dünyanın siyasi liderlərinin, tutaq ki, dünyaya baxışı və böyük dövlətlərin strateji planlarının dəyişəcəyini, öz planlarından imtina edəcəyini düşünmək məsələyə səthi yanaşma olardı. Sizə ABŞ-ı misal gətirim. Amerika Birləşmiş Ştatları dünyanın güclü dövlətidir. Onun təkcə hərbi büdcəsi 719 milyard  dolar təşkil edir.  Bütün dünya ölkələrinin birlikdə hərbi büdcəsi təxminən 1,7 trilyondur. Deməli, bütün dünyanın hərbi büdcəsinin yarısı ABŞ-dadır.  Bu ölkənin rəhbərliyi də hər zaman deyir ki, bizim dünyada iki cür maraqlarımız var: biri ümumi maraqlar, biri də xüsusi maraqlarımız. Ümumi maraqlarımızla bağlı biz bəyanat veririk, tənqid edirik, amma xüsusi həyati maraqlarımız olan yerdə hətta lazım olanda bombalayırıq, güc tətbiq edirik. ABŞ-ın dünyanın 670-dən çox obyektində hərbi bazası var. Bütün bu reallıqların fonunda pandemiyadan sonra Amerikanın özünün qlobal həyati maraqlarından imtina etməsi, özünəqapanması, okeanın o tayında özü üçün yaşam tərzi seçməsi çox məntiqsizdir. Hələ gələcəkdə bu məsələlər çox müzakirə olunacaq. Bilirsiniz ki, ABŞ pandemiya ilə bağlı Çinə qarşı çox ciddi iddialarla çıxış edir. ABŞ prezidenti bəyan edir ki, pandemiyanın yaranmasında Çin amili olarsa, bu ABŞ - Çin münasibətlərini kökündən dəyişə bilər. Bax bu gün bu kimi mövqelər, yanaşmalar var. Ona görə də hesab edirəm ki, pandemiyadan sonrakı dünyanın iqtisadi platformasında dəyişikliklər istisna deyil, amma dövlətlərin öz milli, geostrateji maraqlarından imtina edəcəyi məntiqə uyğun deyil.

-Sizcə Pandemiya Qafqaz regionunun geosiyasi xəttində hansı dəyişikliyə şərait yaradacaq. Hazırda regionun vəziyyəti necədir və bu proses  bizim Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı dəyişik münasibətləri ortaya çıxara bilər?
- ATƏT-in Minsk Qrupu həmsədrləri ən azı regiona səfər etmirlər və bunun da qeyd etdiyim kimi obyektiv səbəbləri var. Bu gün pandemiya dünyanın siyasi gündəliyində 1-ci yerdə dayanır. Yerdə qalan bütün digər məsələlər sonrakı mərtəbələrdə yerləşir. Bu mənada biz ancaq pandemiyadan sonrakı reallıqdan danışa bilərik. Nə qədər ki, dünya pandemiya mərhələsindədir, ən azı münaqişələrin həlli məsələsi yox, onların daha çox dondurulması və problem həll edilmədən həlli prosesinə bir pauzanın verilməsi barədə düşünə bilərik. Amma hesab edirəm ki, bu pauza, strateji pauzadır və dünya pandemiya əsarətindən xilas olduqdan sonra münaqişələr yenə də öz aktuallığını qoruyub saxlayacaq. Çünki pandemiya o münaqişələri həll etmədi, onların həlli prosesində və yaxud da onların daha da alovlanması prosesində obyektiv bir pauzanın yaranmasını şərtləndirdi. Bu nöqteyi-nəzərdən pandemiyadan sonrakı reallıqlarda münaqişənin həlli ilə bağlı yenidən danışıqlar prosesi, onun həlli istiqamətində ATƏT-in fəaliyyəti və sair bu kimi  məsələlərin bərpasından söhbət gedə bilər.  Bundan sonra əsas məsələ Ermənistan rəhbərliyinin davranışından,  münaqişənin həlli ilə bağlı tutacağı roldan  və beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in davranışından asılı olacaq.  “Pandemiya məsələsi pandemiyadan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövzu olacaq və Ermənistan rəhbərliyi öz mövqeyini 180 dərəcə dəyişəcək”,  kimi yanaşmalar hesab edirəm ki, sadəlöhv yanaşma olardı. Münaqişə necə var elədə saxlanılıb. Bəli, Azərbaycanın siyasi, diplomatik mövqeləri güclənib, hərbi gücümüz daha da artıb. Bu istiqamətdə bizim üstünlüklərimizin artması göz qabağındadır. Bunu dövlətimizin rəhbəri də hər zaman söyləyir və bu, tam reallığı əks elətdirir. Ancaq Ermənistanın mövqeyində dəyişikliklər olmayıb və olacağı barədə də işartı yoxdur.

-Elman müəllim, pandemiya və onunla mübarizədə vətəndaş və cəmiyyətin rolu necə görünür və bu gün vətəndaş cəmiyyətləri özlərini necə ifadə edə bilir?
- Bütövlükdə cəmiyyətdə pandemiyanın təsiri altında davranışların özü dəyişib. Yəni pandemiyaya qarşı mübarizə bütün qurumları, bütün təşkilatları, eyni zamanda vətəndaş cəmiyyətləri institutlarını da bu məsələyə fokuslayıb. İndi onların bütün fəaliyyəti məhz bununla bağlıdır. Yeni reallıqda digər davranış mexanizmlərinə də təsirsiz qalmayıb. Əvvəllər toplantılar, konfranslar şəklində keçirilən iclaslar, indi virtual səviyyədə, videokonfranslar şəklində həyata keçirilir. Vətəndaş Cəmiyyəti institutlarının bu gün ənənəvi fəaliyyət sahələrində bir daralma özünü göstərir. Çünki pandemiyanın fonunda digər məsələlər ikinci  plana keçib. Hesab edirəm ki, bu keçici bir prosesdir və pandemiya başa çatdıqdan sonra vətəndaş cəmiyyətlərinin fəaliyyətində də bir dinamika özünü göstərəcək.  İstənilən  demokratik cəmiyyətlərdə belə institutlar kifayət qədər böyükdür və  Azərbaycan da demokratik inkişaf yolunu seçən bir dövlət olaraq vətəndaş cəmiyyətlərinə böyük yer verir. Azərbaycandakı vətəndaş cəmiyyətləri institutları vətəndaş müharibəsindən ta vətəndaş həmrəyliyinə qədər bir yol keçiblər. Bu nöqteyi-nəzərdən indiki halda onların fəaliyyəti  var və bu daha çox pandemiya və onun mümkün təsirləri və digər məsələlərin tərkibində reallaşdırılır.  Vətəndaş Cəmiyyəti institutları öz tədbirlərində vətəndaş cəmiyyətlərinin daha da möhkəmləndirilməsi, insanların sağlamlığının qorunması, sosial, müdafiəsinin qorunması istiqamətində öz fikirlərini bildirib müzakirələr aparır, dövlətin siyasətini müdafiə edirlər.  Bütün bunlar var.

“Onlar ən çətin vaxtlarda, yenə də xalqın yanında ola bilmədilər”

-Elman müəllim, bir sıra siyasilər, ekspertlər belə fikirlər səsləndirirlər ki, prosesi siyasi şouya çevirmək istəyən qüvvələr var. İstərdim bu barədə fikirlərinizi bildirəsiz?

-Hər kəsə yaxşı bəllidir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizədə atdığı  ardıcıl, sistemli, praqmatik addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan bu baxımdan nümunəvi ölkələr sırasındadır. Bir çox ölkələr bizim bu istiqamətdə təcrübəmizdən istifadə edirlər.  Və Azərbaycan üç istiqamətdə; birinci insanların sağlamlığının qorunması, ikincisi insanların sosial müdafiəsinin təminatı, üçüncüsü isə bütün bu reallıqlar fonunda iqtisadi fəallığın qorunması ilə bağlı işlərini aparır.  Bu geniş mövzudur və ayrılıqda bu məsələyə toxunmaq olar. Amma qısa şəkildə bunu söyləyim ki, dünya bunu görür və Azərbaycan vətəndaşları bunu özlərinin Prezidentə ünvanladıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Ancaq bütün bu proseslərə kölgə salmaq istəyən yeganə, vokal bir qruplaşma da var.  Bu Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır və özünü Milli Şura kimi təqdim edən bir qurumdur. Yəni onlar məsələlərə “Azərbaycan xalqı üçün nə pisdir, onlar  üçün yaxşıdır” məntiqi ilə yanaşırlar. Mən onu da qeyd edim ki, indiki məqamda onlardan başqa bir mövqe də gözləmirdim.  Çünki xalqı, dövləti ilə üst-üstə düşən mövqeni ancaq müstəqil siyasət yürüdən qüvvələr edə bilirlər. Bunlar ümumiyyətlə siyasi qüvvə deyil, bir qruplaşma səviyyəsindədirlər. Onlar öz sahiblərindən aldıqları təlimatlar əsasında sağa-sola boylanmaqla addımlar atırlar. Amma xalqın gözü tərəzidir və o heç nəyi unutmur. İndi bütün dünya dövlətləri üçün pis günlərdir. Dünya böyük təhlükəli virusla üz-üzə qalıb. Belə olan vəziyyətdə hər kəsin davranışı diqqətdədir və yaddaşlara həkk olunur. Bu gün özünü radikal müxalifət kimi təqdim edən, bir çox hallarda xalqın adından danışmaq istəyən, əslində isə xalq tərəfindən çoxdan boykot edilən bu siyasi qruplaşmalar əsl simalarını, əslində simasızlıqlarını növbəti dəfə ortaya qoydular. Onlar xalqın yaddaşında bu cür qaldılar: ən çətin vaxtlarda yenə də xalqın yanında ola bilmədilər.

T.Qafarlı 

Xəbər xətti