Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə dekabrın 10-da Bakı şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.
JuHİ-dən Ucnoqta.az-a verilən məlumata görə, konfransa KİV və QHT təmsilçiləri, internet fəalları qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, konfransın keçirilməsində məqsəd informasiya təhlükəsizliyi ilə bağlı məsələləri aktual saxlamaq olub: “İnformasiya təhlükəsizliyi dünyanın trend mövzularındandır. Ölkə jurnalistlərini, internet üzərindən xəbər yayan informasiya istehsalçılarını beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaq günün zəruri məsələlərindəndir. Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Konfransın gedişində həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də xəbərin məzmun təhlükəsizliyi barədə müzakirələr keçirildi”.
Müşfiq Ələsgərli qeyd edib ki, konfransda həmçinin, yayılan informasiyaların məzmununa görə yaranan hüquqi məsuliyyət məsələsi də müzakirə edilib: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri sırasındadır. Konfransda sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.
JuHİ üzvü, beynəlxalq TOT təlimlərində iştirak etmiş Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri konfrans iştirakçıları ilə bölüşüb. Əməkdar jurnalist Azər Həsrət, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Eçin Mirzəbəyli, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev və digər çıxışçılar informasiyanın və informasiya istehsalçılarının təhlükəsizliyi yönündə maraqlı təcrübələrini bölüşüblər.
Tədbirin sonunda bir sıra jurnaistlərə “Beynəlxalq media vəsiqəsi” təqdim edilib.