Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir
Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Bu maddədə bildirilir ki, qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. O giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. 220.3. Qətnamənin giriş hissəsində onun çıxarılma vaxtı və yeri, qətnamə çıxaran məhkəmənin adı, hakim, məhkəmə iclası katibi, tərəflər, işdə iştirak edən digər şəxslər, nümayəndələr və vəkillər, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir.
Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir. Onun əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
Xüsusilə qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir.
İddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. İşə qiyabi icraat qaydasında baxıldıqda iddianın predmeti və ya əsası dəyişdirilə, iddia tələblərinin məbləği artırıla bilməz.
Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
Qeyd edək ki, Məcəllənin 218-ci maddəsilə qətnamə çıxarıldıqda həll edilən məsələlər tənzimlənir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim, işə əhəmiyyəti olan yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır. Məsələn: şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlər üzrə məhkəmə qətnaməsində vətəndaşların şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilmə üsulu; sağlamlığa vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə qətnamədə tutulmalı ziyanın dəqiq miqdarı, ödəniş məbləğləri; əmlakın həbsdən azad edilməsi barədə iddia təmin edildikdə qətnamədə hansı əmlakın iddiaçıya məxsus olması və həbsdən azad edilməsi; atalığın etirafı faktının müəyyən edilməsi işləri üzrə atalığın müəyyən edilməsi barədə aktın VVADQ orqanlarında qeydiyyatı üçün zəruri olan məlumatlar (soyad, ad, ata- ana adı, doğulduğu gün, ay, il və yer, daimi yaşayış yeri) göstərilməlidir. Əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Məcəllənin 228-ci maddəs ilə qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi tənzimlənir. Maddəyə əsasən, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.
Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. İş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə (229.1).Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur (229.2). Əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər(229.3).
Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər.