Əmək qanunvericiliyi ilə bağlı işəgötürənlərlə seminar-müşavirələr keçirilib

19:47 - 26 Noyabr 2018 - Xəbər

Əmək qanunvericiliyi və onun tətbiqi barədə işəgötürənlər arasında məlumatlandırma və təbliğat işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti son bir həftədə Gəncə şəhərində, Şəmkir, Tovuz və Bakının Nərimanov rayonlarında ümumilikdə 10 şəhər və rayonun işəgötürənlərinin iştirakı ilə seminar-müşavirələr keçirib. Gəncə şəhərində təşkil olunan seminar-müşavirədə bu şəhərin və Samux, Göygöl rayonlarının işəgötürənlərinə əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib.

Tədbir zamanı işəgötürənlər müəssisələrində əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-rəsmi məşğulluq hallarına yol verilməməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər. “Azərxalça” ASC-nin Şəmkir filialında “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar" mövzusunda keçirilən seminar-müşavirədə qadınların əmək hüquqlarından geniş bəhs olunub. Əmək qanunvericiliyində qadınlarla bağlı əksini tapan güzəşt və əlavə təminatlar diqqətə çatdırılıb.

​Tovuz, Qazax və Ağstafa rayonlarının işəgötürənlərinin iştirakı ilə Tovuz rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, Bakının Nərimanov rayonunda “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında təşkil olunan seminar-müşavirələrdə də iştirakçılara müvafiq mövzularda ətraflı məlumatlar verilib.

Xəbər xətti