Dövlət büdcəsinə gömrük daxilolmaları artıb
10:06 - 9 May 2018 - İQTİSADİYYAT
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,03 milyard manat köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.
Trend bu barədə DGK-nin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, aprel ayında gömrük daxilolmaları 300,59 milyon manat təşkil edib. Ötən ay gömrük rüsumlarından daxilolmalar 71,14 milyon manat, ƏDV – 211,53 milyon manat, aksiz daxilolmaları – 15,01 milyon manat, yol vergisindən daxilolmalar – 2,91 milyon manata bərabər olub.
2017-ci ilin aprel ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 25,6 faiz, ƏDV – 76,2 faiz, aksiz daxilolmaları – 94,5 faiz, yol vergisindən daxilolmalar – 11,8 faiz artıb.
Qeyd edək ki, 2018-ci il üçün Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir.