İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi və investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum mayın 3-də Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilib.
Forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik və cins heyvandarlıq təsərrüfatlarının, çörək, quru meyvə, alma konsentratı istehsalı, süd emalı müəssisələrinin, logistik mərkəz və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2580 investisiya layihəsinin maliyyələşdirilməsinə 190,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan aqroparkların, logistika mərkəzlərinin, taxıl anbarlarının, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları, mebel istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 11800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində isə Xaçmaz və ətraf rayonlardan olan 23 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, quşçuluq, un məmulatları, mebel istehsalı, logistik mərkəzin tikintisi və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Xaçmaz rayonunun Yalama qəsəbəsində güzəştli kredit ayrılmış “Yalama Aqropark”a baxış keçirilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aqroparkların yaradılması prosesi sürətlə aparılır. Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə 45 aqropark yaradılır. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına indiyədək 110 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Xaçmaz rayonunda yaradılan “Yalama Aqropark”dır. 1480 hektar sahədə yaradılan aqoparkda 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, saatda 5 ton istehsal gücünə malik yem zavodu, tutumu 4,5 min ton olan taxıl anbarı, texnika qarajı, ofis binası və yataqxana, sanitar-keçid məntəqəsi, gübrə anbarı, nasosxana və digər yardımçı binalar tikilib və 385 hektar sahədə pivot suvarma sistemi quraşdırılıb. Heyvandarlıq kompleksinin yem bazasının yaradılması üçün 400 ha arpa, 38 ha qarışıq yem, 208 ha yonca, 327 ha silosluq qarğıdalı və 146 ha dənlik qarğıdalı əkilib.