Konfransda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir. Bu barədə Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumat verilib.
Qeyd edək ki, Bosniya Beynəlxalq Bankı və İslam İnkişaf Bankının təşkilatçılığı ilə keçirilən konfrans Cənub-Şərqi Avropada mühüm investisiya və biznes tədbirlərindən biri olmaqla, biznes əlaqələrinin qurulması və investisiya imkanlarının araşdırılması üçün əlverişli platforma rolunu oynayır. Konfrans 2010-cu ildən başlayaraq hər il bir çox ölkədən rəsmilərin, sahibkarların, investorların və tədqiqatçıların iştirakı ilə təşkil edilir, yeni ideyaların və təşəbbüslərin formalaşması və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi üçün uğurlu mexanizm qismində çıxış edir.
Bu il keçirilən tədbirdə biznesin inkişafında informasiya texnologiyalarından effektiv istifadə, rəqəmsal iqtisadiyyat və biznesin rəqəmsal transformasiyası, innovasiyaların iqtisadiyyata tətbiqi üçün əlverişli şəraitin yaradılması, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, qadınların biznes fəaliyyətində rolunun dəstəklənməsi, yeni iş yerlərinin yaradılmasında startapçıların rolu, kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı əhəmiyyəti kimi mövzular müzakirə edilir.
Nazir müavini ölkəmizin Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan ölkələrdən biri olduğunu diqqətə çatdırıb, bu sahədə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin önəmi haqqında danışıb, ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ticarət-iqtisadi və nəqliyyat-tranzit əməkdaşlığının genişlənməsində rolunu qeyd edib. Sahib Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, investorlar üçün geniş imkanlar, o cümlədən sənaye parkları və məhəllələri, aqroparklar barədə məlumat verərək iş adamlarını ölkəmizə investisiya yatırmağa dəvət edib.