ARDNF 2003-cü ildən indiyədək dövlət büdcəsinə 79,9 mlrd. manat transfert edib

19:00 - 27 Aprel 2018 - İQTİSADİYYAT

2003-cü ildən bu ilin aprelin 1-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği məlum olub. "APA-Economics" ARDNF-nin saytına istinadən xəbər verir ki, bu ilin I rübündə 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 mlrd. 299 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Bununla da 2003-cü ildən bu ilin aprelin 1-nə qədər ARDNF tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği  79 mlrd. 916 mln. manat təşkil edib. ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfert şəklində vəsait köçürməyə başlayıb. Həmin ildə Fond dövlət büdcəsinə 100 mln. manat transfert edib. 2004-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 30%, 2005-ci ildə 15,38%, 2006-cı ildə 3,9 dəfə artıb. 2007-ci ildə 2006-cı ildə olduğu kimi dövlət büdcəsinə 585 mln. manat transfert edilib. 2007-ci il ilə müqayisədə 2008-ci ildə dövlət büdcəsinə transfertlər 6,5 dəfə, 2009-cu 29,34%, 2010-cu ildə 20,34%, 2011-ci ildə 52,16%, 2012-ci ildə 10,06%, 2013-cü ildə 14,59% artıb.

2014-cü ildən etibarən ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi azalmağa başlayıb. Belə ki, 2013-cü il ilə müqayisədə 2014-cü ildə Fonddan dövlət büdcəsinə transfertlər 17,74%, 2015-ci ildə 12,93%, 2016-cı ildə 6,33%, 2017-ci ildə isə 19,89% azalıb.

Ümumiyyətlə, ARNDF-dən dövlət büdcəsinə ən yüksək transfert 2013-cü ildə qeydə alınıb. Həmin ildə Fonddan dövlət büdcəsinə 11 mlrd. 350 mln. manat transfert edilib.

 

Xatırladaq ki, ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Neft Fondunun əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilib.

Xəbər xətti