Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% bahalaşıb.
"Ucnoqta.az" Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata istinadən bildirir ki, bu ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% ucuzlaşıb.
Ay ərzində uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətlərində bahalaşma, yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, xalça və digər döşəmə örtüklərinin, televizorların, mobil telefon və fotoaparatların qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının, avtomobillərin təmiri xidmətlərinin qiymətlərində ucuzlaşma, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, məişət cihazlarının və ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.