“Azərsun Holdinq”ə məxsus Kürdəmir Süd Kompleksində Azərbaycanda ilk dəfə olaraq embrion köçürülməsi həyata keçirilib.
Uğurla yekunlaşmış bu elmi təcrübə ilə bağlı ictimaiyyətin məlumatlandırılması üçün adıçəkilən Şirkətlər Qrupu ölkənin aparıcı mətbuat orqanları üçün müəssisəyə media tur təşkil edib. Kürdəmir Süd Kompleksində jurnalistlərin suallarını cavablandıran mütəxəssislər bu elmi təcrübə hesabına daha yaxşı genetik göstəricilərə malik heyvanların yetişdirilməsinin mümkünlüyünü qeyd ediblər. Media mənsublarına bu müasir elmi təcrübənin əsasən Kanada, Avstraliya, Almaniya kimi inkişaf etmiş ölkələrdə həyata keçirildiyi bildirilib. Jurnalistlərə embrion köçürülməsi barədə ətraflı məlumat verilərək, bu təcrübə hesabına təsərrüfatdan əldə edilən südün həcminin dəfələrlə artırılmasının mümkün olduğu bildirilib. Bu elmi təcrübə Kürdəmir Süd Kompleksində yerli mütəxəssislər tərəfindən reallaşdırılıb və artıq embrion köçürülməsi hesabına iki buzov doğulub, daha üç heyvanının isə doğulması gözlənilir, yaxın zamanlarda isə bu təcrübənin daha da geniş tətbiq edilməsi nəzərdə tutulub.
Ölkəmizdə kənd təsərrüfatı və heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyinin çox müsbət nəticələrə səbəb olduğunu qeyd edən “Azərsun” nümayəndələri yaxın illərdə yeni heyvandarlıq təsərrüfatlarının yaradılacağını və həm ət, həm də süd istehsalının həcminin bir neçə dəfə artırılacağını qeyd ediblər.
Mütəxəssilərlə görüşdən sonra jurnalistlər Kürdəmir Süd Kompleksinin nəzdində fəaliyyət göstərən fermanı ziyarət ediblər və onlara embrion köçürülməsi hesabına doğulmuş buzovlar nümayiş etdirilib. Həmçinin KİV nümayəndələrinə müəssisədə heyvanlara göstərilən xüsusi qulluq hesabına əldə olunan süd həcminin gündəlik 34 litrə qədər artırıldığını bildiriblər ki, bu da ölkəmiz üçün çox uğurlu göstəricidir.
Qeyd edək ki, Kürdəmir Süd Emalı Zavodu 2013-cü ildən fəaliyyətə başlayıb. Müəssisədə günlük süd , UHT-tetra pak süd, müxtəlif növ pendir və qatıq çeşidləri, ayran, meyvəli yoqurt, xama, kəsmik və qatılaşdırılmış süd istehsal olunur. Burada istehlakçılar tərəfindən çox yüksək qiymətləndirilən “Azərsüd”, “SuperMilky” və digər markalaların istehsalı həyata keçirilir.İllik istehsal gücü 40 000 ton olan müəssisənin xammal təminatı burada qurulmuş yüksək verimli cins malqaranın bəsləndiyi təsərrüfat və yerli fermerlərdən alınan süd hesabına təmin olunur.