Ötən ilin maliyyə durumu açıqlandı

15:54 - 16 Fevral 2018 - İQTİSADİYYAT

2017-ci ildə qiymətli kağızlar bazarında artımla yanaşı, pozitiv kəmiyyət və keyfiyyət dəyişiklikləri qeydə alınıb.

 

"Ucnoqta.az" Maliyyə Bazarlarına Nəzarət Palatasından “Qafqazinfo”ya daxil olan məlumata istinadən bildirir ki, 2017-ci ildə qiymətli kağızlar bazarı 2016-cı illə müqayisədə 12% artaraq 15,7 mlrd. manat təşkil edib. Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artıb. Ötən il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri nəticəsində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əqdlərin məbləği 2,2 dəfə artaraq 2 mlrd. manatı üstələyib.
 

Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarı ötən illə müqayisədə 79% azalaraq 1,6 mlrd. manat təşkil etmişdir.

Hesabat dövründə Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Mərkəzi Bank tərəfindən milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə not buraxılışları dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib.  Belə ki, dövlət istiqrazları bazarı 48%, not bazarı isə 19,4 dəfə artıb.
 

Hesabat dövründə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 50 hərrac keçirilmiş və nəticədə ilkin bazarda əqdlərin həcmi ötən illə müqayisədə 19,3 dəfə artaraq 5,2 mlrd. manat olub. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə fond birjasında keçirilmiş 45 hərracda bağlanmış əqdlərin həcmi ötən illə müqayisədə 89% artaraq 795 mln. manat təşkil edib.
 

2017-ci ildə Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 5,5 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 402 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. 
 

Hesabat dövrü ərzində repo əməliyyatlarının ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə artaraq 51,5 mln. manat olub. Dövlət istiqrazları ilə ümumi məbləği 30.8 mln. manat olan 37 repo əməliyyatı, korporativ istiqrazlarla isə 20,8 mln. manat məbləğində 14 repo əməliyyatı keçirilib. 2017-ci ildə 11,5 mlrd. manat və 4,1 mlrd. ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilib.

Xəbər xətti