İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində Almaniyanın Röytlingen şəhərində yerləşən “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzində və istehsal müəssisələrində tədris və təcrübə keçəcək 27 sahibkar və menecer üçün seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 2 gün davam edən tədbirdə “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzinin nümayəndələri tərəfindən sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində iqtisadi kooperasiya üzrə ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.