İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Bu sahədə növbəti işgüzar forum dekabrın 15-də Goranboy rayonunun Rəhimli kəndində keçirilib. Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Goranboy rayonunun iqtisadi potensialına uyğun olaraq, bitki yağları və nar konsentratı istehsalı, süd emalı və meyvəqurutma müəssisələrinin, südlük istiqamətli cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Qeyd edilib ki, bugünkü işgüzar forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6600-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 238,5 milyon manat güzəştli kredit verilib.
Həmçinin, tədbir çərçivəsində Goranboy rayonunda fəaliyyət göstərən nar emalı müəssisəsinə güzəştli kreditin verilməsinə dair razılıq əldə edilib.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 2,6 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər aqroparkın yaradılması, heyvandarlıq, əkinçilik, eləcə də bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Goranboy rayonundan olan 985 sahibkara 17,8 milyon manat güzəştli kredit verilib.