Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə əlavə olaraq 3 116 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
Ucnoqta.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata istinadən bildirir ki, bu təbəqədən olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə bu ilin yanvar-noyabr aylarında onların ümumilikdə 28 936 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Belə ki, cari ilin 11 ayında əlilliyi olan insanlara 908 ədəd əlil arabası, 1 188 ədəd aşağı və yuxarı ətraf protezi, 1 582 ədəd aşağı və yuxarı ətraf protezi, 573 ədəd bel və boyun nahiyəsi üçün korset, 8270 ədəd müxtəlif reabilitasiya vasitələri, 2 425 cüt protez ayaqqabı, 4 233 cüt ortopedik ayaqqabı, 221 ədəd ortopedik aparat verilib. Eləcə də qeyd olunan şəxslər 1 258 cüt dirsəkaltı ağac, 657 ədəd dördayaqlı dayaq vasitəsi, 707 cüt qoltuqaltı ağac, 1 870 ədəd əsa, 560 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərə məxsus 700 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat da təmir edilərək, yenidən onların istifadəsinə verilib.
Yanvar-noyabr aylarında protez-ortopedik bərpa xidmətləri göstərilənlərin sayı 12 161 nəfər olub ki, onlardan 1 470 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanlar şəxslər təşkil edib.
Həmin dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 585 nəfər əlilliyi olan insana müxtəlif reabilitasiya xidmətləri (onurğa sutunu zədələnmiş spinal əlillərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s.) də göstərilib.