Dekabrın 1-də Bakı Biznes Mərkəzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-i tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, ixrac zamanı yaranan məsələlərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə təşkil edilən “Açıq qapı” günləri çərçivəsində seminar keçirilib.
İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə 50-dən çox sahibkarlıq subyektinin nümayəndəsi iştirak edib.
Seminarda ixracın stimullaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin və regional bölmələrin inzibati binalarında təşkil olunan “Açiq qapı” günləri barədə sahibkarlara ətraflı məlumat verilib.
Tədbir çərçivəsində “Mənşə ekspertizaların aparılması qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi” və “Laboratoriya xidmətləri” mövzularında keçirilmiş təqdimatlarda sahibkarlar malın ixrac proseduru və gömrük güzəştləri barədə məlumatlandırılıb. Bildirilib ki, mənşə sənədinin verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən elektron müraciət forması daha da təkmilləşdirilib, tələb olunan sənədlərin sayı hüquqi şəxslər üçün 9-dan 6-ya, fiziki şəxslər üçün isə 5-dən 4-ə endirilib. Azərbaycanda mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənəd 1 gündən gec olmayaraq sahibkara təqdim edilir. Məlumat üçün bildirək ki, istər MDB məkanında, istərsə də əksər digər ölkələrdə malın mənşəyinin müəyyən edilməsi müddəti 3 gündən az deyil. Bundan başqa, artıq 2 ildir ki, ölkəmizdə qeyri-neft malları üçün ekspertiza xidmətlərinin tarifləri 30% aşağı salınıb. Qeyd edək ki, sahibkarlara mənşə sertifikatının alınması qaydaları barədə təlimatlar paylanılır.
Seminarda “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının iş prinsipi, akkreditasiya sahələri, burada aparılan laborator müayinələr barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Belə seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.