Banklar problemləri təkbaşına həll edə bilməyəcək

21:32 - 30 Noyabr 2017 - İQTİSADİYYAT

 “Xarici banklar Azərbaycan bazarına daxil olduqda, rəqabət nəticəsində banklar daha sağlam kredit və əmanət siyasəti həyata keçirməyə başlayacaqlar”
 

 Milli Məclisin plenar iclasında çıxışı zamanı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda əhalinin bank sektoruna etimadı bərpa edilməlidir: “Hazırda ölkənin bank sektoru iqtisadiyyatın maliyyələşdirilməsində aktiv iştirak etmir: “Bu gün Azərbaycanın bank sektoru kifayət qədər aktivlərə malikdir, amma kreditləşmədə aktiv iştirak etmir. Biz əhalinin bank sektoruna etimadını bərpa etməliyik”. 
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirdi ki, əslində bu istiqamətdə vəziyyət kifayət qədər mürəkkəbdir. Çünki Azərbaycanda bank sektoruna inam 90-cı illərin əvvəllərində demək olar ki, tamamilə itmişdi: “Ondan sonra bank sektoru bu istiqamətdə müəyyən qədər etibarın əldə edilməsinə nail olmuşdu. Həmin dövr üçün banklar faktiki olaraq vətəndaşlardan kifayət qədər əmanətli depozitlər qəbul etməyə başlamışdılar. Amma 2014-cü ildən sonra baş verən yeni iqtisadi proseslər ölkə iqtisadiyyatının digər sektorları ilə yanaşı, daha çox maliyyə-bank sahəsinə öz mənfi təsirlərini göstərdi. Xüsusilə də 11 bankın likvidliyi ilə bağlı ciddi problemlərin üzə çıxma səbəbindən lisenziyasının əlindən alınması və digər tərəfdən vətəndaşların əmanətlərinin geri qaytarılması və sığortalanmayan əmanətlərin taleyi ilə bağlı narahatlıqların olması və s. məsələlər bu sahəyə inamı əhəmiyyətli səviyyədə sarsıdıb”.


İqtisadçı qeyd etdi ki, indiki halda bankların təkbaşına bu problemləri həll etmək imkanı olduğunu düşünmürəm. Burada kompleks tədbirlər həyata keçirilməli, bank sektorunda ilk növbədə sağlamlaşdırma tədbirləri gücləndirilməlidir: “Eyni zamanda nəzarət mexanizmləri təkmilləşdirilməli və rəqabət mühiti yaradılmalıdır. İlk olaraq Azərbayacana xarici kapitalların gəlişi üçün liberal mühit formalaşdırılmalıdır. Düşünürəm ki, xarici banklar Azərbaycan bazarına daxil olduqda rəqabət nəticəsində banklar daha sağlam kredit və əmanət siyasəti həyata keçirməyə başlayacaqlar. Beləliklə, rəqabətə davamsız banklar qısa müddət ərzində bazarı tərk etməli olacaq. Bu da zaman çərçivəsində vətəndaşların bu sektora inamını yenidən artıra bilər. Çünki vətəndaşlar görür ki, iflas edən banklar daha çox dövlət nəzarətində və digər tərəfdən isə yerli qrupların nəzarətində olan banklardır. Təhlükəsiz idarəetmə, vəsaitlərin səmərəsiz istifadəsi, vəsaitlərin korrupsiya predmetinə çevrilməsi, biznes və bank arasında sağlam olmayan münasibətlər və s. səbəbindən bu banklar iflasla üzləşməli olublar”. 
 

 R.Həsənovun sözlərinə görə, hazırda elə banklar var ki çox çətin bir vəziyyətdədirlər. Bu isə təbii ki, maliyyə-bank sektorunda yeni yanaşmanı tələb edir. Və burada dövlətin üzərinə düşən yüklər var. Dövlət ciddi təminatı daha da artırmalı, əmanətlərin sığortalanması ilə bağlı öhdəliklərin müddəti uzadılmalıdır. Çünki, 2019-cu ildə məbləğindən asılı olmayaraq əmanətlərin sığortalanması ilə bağlı  qanunun vaxtı bitir. Bundan sonra yenidən insanlarda əmanətlərinin taleyinin necə olacağı barəsində şübhə yaranacaqdır. Düşünürəm ki, görüləcək işlərdən biri də bu qanunun müddətini artırmaq olmalıdır. Əgər bu həyata keçirilərsə banklardan əmanətlərin kütləvi şəkildə geri çəkilməsinin qarşısı müəyyən qədər alına bilər. Bundan başqa, risklərdən sığortalanma ilə yanaşı bank sektorunda əmanətlərə differensial sığortanın da tətbiqinə ehtiyac var. Müəyyən qədər bu sahədə növbəti dövrlər üçün gözlənilən təhlükələri kompensasiya etmək istiqamətində bankların yığım öhdəlikləri Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən normativlərin həcminə də yenidən baxmaq olar. Eyni zamanda bankların kapitallaşma tələbləri də artırılmalıdır. Çünki hazırda 50 milyon manat kapitallaşma tələbi vardır, amma bəzi bankların sadəcə fiziki şəxslərə əmanət öhdəlikləri yüz milyonlarla ölçülür. Amma bu risk yarandığı dövrdə bankın öz kapitalı bu riskləri sığortalama  gücündə olmur. Burada müəyyən problemlər ortaya çıxır. Ona görə də hüquqi bazanın təkmilləşdirilməsi və normativlərin daha da artırılması yolu ilə bank sektorunda konsolidasiya prosesini sürətləndirmək olar. Bankların birləşməsini və beləliklə də daha güclü bankların ortaya çıxmasını müəyyənləşdirmək mümkündür. Əks halda banklara olan etimadın bərpa edilməsi çox çətin olacaq. Düşünürəm ki, banklar təkbaşına olaraq bu problemi həll edə bilməyəcəklər”. 
 
Könül Əhmədova

Xəbər xətti