“Azərsu”: Pirşağıdakı yeni tullantı sutəmizləyici qurğusunun tikintisi gələn il yekunlaşacaq

16:52 - 27 Noyabr 2017 - İQTİSADİYYAT

Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi gələn il yekunlaşacaq.
 

Ucnoqta.az “Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi intensiv qaydada davam etdirilir. İcrasına bu ilin birinci yarısında başlanmış layihə çərçivəsində ərazidə planlama və texniki təchizat işləri tam yekunlaşıb. Eyni zamanda, qurğunun giriş nasos stansiyasında qazıntı və svayların vurulması, kompressor, transformator və emalatxana binalarının, eləcə də biofosfor və durulducu çənlərin yerləşəcəyi ərazilərdə torpağın möhkəmləndirilməsi işləri yerinə yetirilib. Su anbarı, dezodorasiya qurğusu, qaraj və transformator binasının təməlaltı hazırlıq işləri həyata keçirilib. Biofosfor çənləri üzrə qəliblərin quraşdırılması yekunlaşıb. Hazırda əsas qurğuların dəmir-beton hissələrinin inşası davam etdirilir.

Qurğuda təmizlənmiş suların dənizə axıdılması üçün dənizin dibi ilə 1300 millimetr diametrli çıxış xətti tikilməsinə hazırlıq görülür. Çıxış xəttinin tikintisi xüsusi ixtisaslaşmış gəmilər vasitəsilə həyata keçiriləcək. Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisində əsasən Azərbaycanda istehsal olunmuş inşaat materiallarından istifadə olunur. İnşasında ən son texnologiyalardan istifadə olunacaq qurğuda Koreya Respublikasında istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılacaq. Artıq həmin avadanlıqların bir hissəsi tikinti meydançasına tədarük olunub.

Həmçinin qurğuda tullantı suları ekoloji standartların tələblərinə tam uyğun olaraq təmizlənib zərərsizləşdiriləcək. Azərbaycanda ilk dəfə olaraq bu qurğuda tullantı sularının zərərsizləşdirilməsi ultrabənövşəyi şüa texnologiyası ilə aparılacaq. Yarana biləcək qoxunun neytrallaşdırılması üçün xüsusi biosüzgəclərdən istifadə olunması nəzərdə tutulur. Bu qurğuda Azərbaycan üçün daha bir ilk təcrübə tətbiq olunacaq. Belə ki, qurğuda təmizlənmiş suların bir hissəsinin gələcəkdə suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır.

2018-ci ildə inşası başa çatdırılacaq bioloji tipli qurğunun məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilib. Yeni qurğu istismara verildikdən, həmçinin ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa, Mehdiabad, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcək.

Qeyd edək ki, “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir.


Xəbər xətti