Azərbaycanın qiymətli kağızlar bazarında ciddi qiymət artımı qeydə alınıb. Ölkədə ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının qiyməti kəskin yüksələrək 1 010 dolları keçib.
İstiqrazların market-meykeri olan “PSG Kapital” investisiya şirkətindən “Report”a verilən məlumata görə, hazırda birjada SOCAR istiqrazlarının alış qiyməti 1 004,80 dollar, satış qiyməti isə 1 010 dollardır.
Bu göstərici həftənin əvvəlindəki qiymətlərdən xeyli yüksəkdir. Belə ki, noyabrın 20-də SOCAR istiqrazlarının alış qiyməti 1 003,2 dollar, satış qiyməti isə 1 007,6 dollar idi.
Xatırladaq ki, hazırda SOCAR istiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1 010 dollardan aşağı satmaq istəmirlər: “İstiqrazların qiyməti adətən ödəniş tarixinə az müddət qalanda bu həddə çatırdı. İndi isə faiz ödənişinə hələ 2 aya yaxın müddət qaldığı halda, qiymətlər yüksəlməkdədir”.
“PSG Kapital”dan bildirilib ki, bahalaşmaya səbəb istiqrazlara tələbatın kəskin artmasıdır, bazardakı təklif bu tələbi qarşılaya bilmir: “Hazırda həm fiziki, həm də hüquqi şəxslər tərəfindən istiqrazların alışı üzrə çoxsaylı təkliflər var. Amma təkrar bazardakı təkliflər bu tələbi qarşılaya bilmir”.
İstiqraza tələbatın artmasının bir neçə səbəbi var. Əvvəla, kağızların buraxılmasından keçən bir il ərzində istiqrazlar üzrə faizlər qrafik üzrə vaxtında ödənilib. Bu dövrdə istiqraz sahibləri 5 mln. dollar qazanc götürüblər.
Digər səbəb, istiqazların hazırda bazarda ən yaxşı şərtlər təklif etməsidir. Nominal qiyməti 1 000 dollar olan, dollarla illik 5% gəlir gətirən SOCAR istiqrazları, digər alətlərdən daha çox qazanc təmin edir.
SOCAR-ın tətbiq etdiyi geri alma zəmanəti sayəsində isə istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə pula çevirmək mümkündür. Qeyd edək ki, nəinki Azərbaycanda, hətta region ölkələrində heç bir qiymətli kağız üçün belə zəmanət mövcud deyil.
Bütün bunlar qiymətli kağızlara marağın və qiymətlərin yüksəlməsi ilə nəticələnib. Xatırladaq ki, istiqrazlar üzrə növbəti faiz ödənişi 2018-ci ilin əvvəlində olacaq.