Gələn il İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 89 mln. manat olacaq

18:40 - 23 Noyabr 2017 - İQTİSADİYYAT

Bu gün parlamentin plenar iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihələri müzakirə olunur.

 

Ucnoqta.az xəbər verir ki, 2018-ci ildə Dövlət Sosial Müdaifə Fondunun (DSMF) gəlirləri 3 578,76 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 400,71 mln. manat və ya 12,6%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 182,66 mln. manat və ya 5,4% çoxdur.

2018-ci ildə fondun xərclərinin gəlirləri qədər və ya 3 578,76 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 385,39 mln. manat və ya 12,1%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 89,48 mln. manat və ya 2,6% çoxdur.

Əvvəlki illər üzrə müvafiq qanunlarda əmək pensiyalarının baza və sığorta hissəsi üzrə ödəmələr ayrıca qeyd edilsə də, “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişiklliklərə müvafiq olaraq əmək pensiyalarının baza hissəsi ləğv edildiyi üçün Qanun layihəsində əmək pensiyalarının ödənilməsi xərcləri ümumi şəkildə əks etdirilib.

Əmək pensiyalarının ödənilməsinə 2016-cı ilin müvafiq icra göstəricisindən 364,16 mln. manat və ya 12,0%, 2017-ci ilin proqnoz göstəricisindən 193,18 mln. manat və ya 6,0%, gözlənilən icra göstəricisindən isə 109,0 mln. manat və ya 3,3% çox olmaqla əhaliyə ödənişlər üzrə xərclərin 3 407,0 mln. manatı və ya 97,5%-i qədər vəsait xərclənəcək.

İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89,04 mln. manat məbləğində olacaq.

Bu, "İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Gələn il Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 726 212 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 726 212 manat, digər sığortaedənlər 53 567 576 manat və sair gəlirlərdən 20 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.

"İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində fondun xərclərinin istiqamətlərinə əsasən, 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33,478 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1,613 mln. manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1,15 mln. manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1,788 mln. manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 35,802 mln. manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1,38 mln. manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13,709 mln. manatın yönəldilməsi nəzərdə tutulur.

Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək İşsizlikdən Sığorta Fonduna köçürəcək. İlin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. 

Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında” qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.//Report//

 

Xəbər xətti