Qazax rayonunda aqroparkın yaradılması təşviq olunur

19:40 - 16 Noyabr 2017 - İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.  Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu sahədə növbəti işgüzar forum noyabrın 16-da Qazax rayonunun Canalı kəndində keçirilib. 

Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq, aqroparkın, ixtisaslaşdırılmış “yaşıl market”in, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi və süd emalı müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. 
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1437 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 104 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4300-dək yeni iş yerinin açılmasına imkan yaradır. Forum çərçivəsində həmçinin, rayonda fəaliyyət göstərən sahibkar tərəfindən aqroparkın yaradılması ilə bağlı güzəştli kreditin alınmasına dair müzakirələr aparılıb. S.Hümbətov məlumat verib ki, hazırda 26 rayonda 40 aqroparkın yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. 14 aqroparkın isə təşkili işlərinə başlanıb. Ümumi dəyəri 270 milyon manat olan 12 aqroparkın yaradılmasına 86,4 milyon manat güzəştli kredit verilib.
 Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi  rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 1,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, tərəvəzçilik, otel tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6450-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 237,2 milyon manat güzəştli kredit verilib. 
Tədbir çərçivəsində Qazax rayonunda dövlətin güzəştli krediti ayrılan meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib. 

Xəbər xətti