Azərbaycanın ixrac missiyası Sankt-Peterburq şəhərində

12:08 - 16 Noyabr 2017 - İQTİSADİYYAT

Azərbaycanın növbəti ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir. Bu barədə Ucnoqta.az-a İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsi daxildir.
Missiya çərçivəsində Azərbaycan iş adamları AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” qida sərgisi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda iştirak ediblər. Forumda 2017-ci və 2018-ci illər üçün pərakəndə ticarətin başlıca istiqamətləri, bu sahədə proqnozlar və tendensiyalar, istehlakçıları cəlb etmək üçün yeni strategiyalara dair müzakirələr aparılıb və iş adamları üçün master-klass keçirilib. 
Tədbir çərçivəsində missiya iştirakçıları üçün Rusiyanın Şimal Qərb regionunun iri marketlər şəbəkələri ilə ikitərəfli görüşlər də təşkil olunub. “X5 Retail Group”, “Aşan”, “Maqnit”, “Diksi” və “Metro” kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını da təqdim ediblər. 
Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “Peterfood” sərgisinin rəsmi açılışında çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev tədbir iştirakçılarına “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı Fərmanın icrası istiqamətində görülən işlər və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib. 
İxrac missiyası noyabrın 16-na qədər davam edəcəkdir.

 


Xəbər xətti