Azərbaycanda Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb. İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı Biznes Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi qərara alınıb. “Astaraçay” şirkətinin rəhbəri Tələt Məmmədov Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması sahibkarlığın inkişafı, eləcə də çay istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.
Qeyd: İqtisadiyyat Nazirliyi sahibkarların ixtisaslaşmış assosiasiyalarda birləşməsinə daim dəstək göstərir və indiyədək Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz, Xurma, Tekstil İxracatçıları və İstehsalçıları Assosiasiyaları yaradılıb.