Dünya Bankı "Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar" hesabatını açıqlayıb. Azərbaycan reytinqdə 57-ci yerdə qərarlaşıb. Ötən il Azərbaycan 65-ci yerdə idi. Ölkəmiz ən yaxşı praktikaya (sərhədə) 3,04% vahidi yaxınlaşıb.
Sənədin müəllifləri qeyd edir ki, ölkəmizdə 4 islahat həyata keçirilib:
- Kreditin əldə olunması: Azərbaycan kredit bürolarının yaradılmasına imkan verən qanunun qəbul olunması ilə kredit məlumatlarına əlçatanlığı təkmilləşdirib;
- Minoritar investorların müdafiəsi: Azərbaycan əsas korporativ qərarlarda səhmdarların hüquqlarını və rolunu artıraraq, sahibkarlıq və nəzarət strukturlarını dəqiqləşdirərək və daha çox korporativ şəffaflığı tələb edərək minoritar investorların müdafiəsini gücləndirib;
- Müqavilələrin icra olunması: Azərbaycan istifadəçilərin elektron formada məhkəmə rüsumlarını ödəməsinə imkan verən sistemin tətbiqi ilə müqavilələrin icrasını asanlaşdırıb;
- Müflisliyin tənzimlənməsi: Azərbaycan kreditorlar üçün müflisləşmə prosedurlarını daha əlçatanlığı etməklə və prosedurlarda onların iştirakını artırmaqla, müflisləşmə zamanı müqavilələrin icrası ilə bağlı müddəaları təkmilləşdirməklə və müflisləşmə prosedurlarına start verildikdən sonra onlar üçün maliyyələşdirmə imkanını tətbiq etməklə müflisləşmənin tənzimlənməsini asanlaşdırıb.
Hesabata əsasən, minoritar investorların müdafiəsi sahəsində ölkəmiz yaxşı nəticələr nümayiş etdirir. Belə ki, ölkəmiz qlobal reytinqdə 10-cu yerdədir. Maraqların ziddiyyətinin tənzimlənməsi indeksində 7,7 balla qiymətləndirilir, bu indeksdə sadəcə Gürcüstan, Makedoniya və Qazaxıstandan (8 balla qiymətləndirilirlər) sonra ikincidir. Bu, İƏİT-nin yüksək gəlirli ölkələrinin orta rəqəmi olan 6,4 baldan yüksəkdir.
Biznesə başlama sahəsində Azərbaycan qlobal reytinqdə 18-ci yerdədir. Bakıda biznesə başlamaq üçün sadəcə 4,5 gün tələb olunur. Bu, Avropa və Mərkəzi Asiya regionunda yalnız Gürcüstanda (2 gün) bundan az vaxt tələb olunur.
Əmlakın reyestri sahəsində Azərbaycan 21-ci yerdədir. Hesabatda vurğulanır ki, Bakıda əmlakın qeydiyyatı üçün əmlakın dəyərinin sadəcə 0,2%-i tələb olunur. Bu rəqəm Ermənistan, Qırğızıstan və Rusiya ilə eynidir, İƏİT-nin yüksək gəlirli ölkələrində isə orta rəqəm 4,2%-dir.
Kreditlərin əldə olunması sahəsində isə nəticələr zəifdir - qlobal reytinqdə 122-ci yer. Azərbaycanda hüquqlar indeksinin güclülüyü 2 balla (mümkün 12 baldan) qiymətləndirilib. Müqayisə üçün qeyd edək ki, regional orta rəqəm 6,6 bal və İƏİT-nin yüksək gəlirli ölkələri üzrə orta rəqəm 6 baldır.
Elektrik enerjisinin alınmasının təkmilləşdirilməsi sahəsində ölkəmiz qlobal reytinqdə 102-ci yeri tutub. Bakıda elektrik şəbəkəsinə qoşulmaq üçün 7 prosedurdan keçmək tələb olunur. Müqayisə üçün bildirək ki, İƏİT-nin yüksək gəlirli ölkələrində orta rəqəm 4,7 prosedurdur.
Son 15 ildə 33 islahat həyata keçirilib ki, bunlardan 7-si bizneslə başlama, 6-sı kreditin əldə olunması və 5-i vergilərin ödənilməsi sahəsində olub. 2003-cü ildə Bakıda biznesə başlamaq üçün 105 gün tələb olunurdusa, bu gün 4,5 gün tələb olunur.