Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumu keçirilib

13:51 - 20 Oktyabr 2017 - İQTİSADİYYAT

Oktyabrın 20-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına(KƏŞ) üzv ölkələri biznes forumu keçirilib.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə KƏŞ biznes dairələrin məlumatlandırılması, Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələri iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev təşkilata üzv dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini diqqətə çatdırıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanda islam həmrəyliyinə böyük önəm verilir. 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan edilib, Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçirilib. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrdən 100-ə yaxın iş adamının ölkəmizə səfəri, turizm, maliyyə, sənaye, kənd təsərrüfatı, qida, təhsil, səhiyyə, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 120-ə yaxın azərbaycanlı iş adamının iştirakı ilə keçirilən biznes forum bu əməkdaşlığa verilən önəmin göstəricisidir. Forum bu formatda ilk belə tədbirdir və iş adamları arasında birbaşa ünsiyyət qurmağa, konkret biznes layihələrini müzakirə etməyə şərait yaradır. Bildirilib ki, Şuraya üzv olan ölkələr tərəfindən Azərbaycan iqtisadiyyatına 1,3 mlrd. dollar, Azərbaycan tərəfindən isə 300 mln. dollar investisiya yatırılıb. Azərbaycanda körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycan və körfəz ölkələri arasında ticarət dövriyyəsi 86 mln. dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 mln. dollardan çox olub. Vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən körfəz ölkələri şirkətlərinin sayının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar genişdir.
Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan siyasi sabit, təhlükəsiz ölkədir, xalqla iqtidar arasında böyük etimad və bağlılıq var. Azərbaycan investisiyalar üçün əlverşli ölkədir. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanlar var. Bununla yanaşı, KƏŞ iş adamları ölkəmizdə fəaliyyət göstərən sənaye parklarındakı güzəştli rejimdən istifadə edərək istehsal müəssisələri yarada, KƏŞ-ə üzv ölkələr Azərbaycanın tranzit imkanlarından istifadə edə bilərlər. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı baxımından KƏŞ ölkələri önəmli bazardır. Artıq bir sıra Körfəz ölkələrinə ixrac missiyaları təşkil edilib, Azərbaycan məhsulları KƏŞ ölkələrinin iri ticarət şəbəkələrində satılır. Dekabr ayında Azərbaycanın ixrac missiyası Səudiyyə Ərəbistanına səfər edəcək. Eyni zamanda maşınqayırma, kimya, alternativ enerji, İKT sahələrində də əməkdaşlıq imkanları genişdir. Körfəz ölkələri şirkətləri Azərbaycan İnvestisiya Şirkəti ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlı edə bilər. Birgə investisiya fondları yaradıla bilər. Artıq bu sahədə təcrübə var – Xəzər Beynəlxalq İnvestisiya Şirkəti fəaliyyət göstərir. Qətərlə də birgə investisiya fondunun yaradılması istiqamətində müzakirələr aparılır. Nazir Şahin Mustafayev qeyd edib ki, viza rejiminin sadələşdirilməsi, eləcə də körfəz ölkələri ilə Azərbaycan arasında həftə ərzində həyata keçirilən 50 aviareyis nəticəsində ölkəmizə gələn körfəz ölkələri turistlərinin sayı artıb. Gələcəkdə aviareyislərin sayı daha da artırılacaq.
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 26-cı ildönümü ilə bağlı təbriklərini çatdırıb. Azərbaycana ikinci dəfə səfər etdiyini qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyəni ölkəmizin yüksək inkişafını vurğulayıb. Qeyd edilib ki, Şuraya üzv ölkələr Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycana geniştərkibli nümayəndə heyəti ilə səfər bu əlaqələrin genişləndirilməsinə olan böyük marağın göstəricisidir. Əbdüllətif bin Raşid Əl-Zəyyəni səfər zamanı KƏŞ nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini və görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparıldığını vurğulayıb. Qeyd edilib ki, bu gün ilk dəfə keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunun Azərbaycanın dövlət başçısı tərəfindən elan edilmiş İslam Həmrəyliyi İlində keçirilməsi diqqətə layiqdir. Forum iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi baxımından əhəmiyyətlidir.
Sonra biznes forum çərçivəsində AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair, AZPROMO ilə Səudiyyə Ərəbistanının Yanbu şəhərinin Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında və Azərbaycan Standartlaşma İnstitutu və KƏŞ Standartlaşdırma Təşkilatı arasında anlaşma memorandumları imzalanıb.
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyasının baş katibi Abdulrahim Hasan Naqi Şuraya üzv ölkələrin iqtisadi-ticarət əlaqələri barədə məlumat verib, Körfəz ölkələrində Azərbaycan istehsalı olan məhsullara böyük maraq olduğunu qeyd edib. Abdulrahim Hasan Naqi keçirilən görüşlərin və aparılan müzakirələrin ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb, 2018-ci ildə Bakıda körfəz ölkələri məhsullarının sərgisinin keçirilməsinə, birgə investisiya fondunun yaradılmasına dair təkliflərlə çıxış edib. 
Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun təqdimatı dinlənilib. 
Körfəz Sənaye Məsləhəti Təşkilatının baş katibi Abdulaziz Al Agil KƏŞ dövlətlərində ticarət və investisiya məsələləri, Şuranın Standartlaşdırma Təşkilatının baş katibi Nabil Molla standartlaşdırmanın iqtisadiyyatda rolu və KƏŞ-in üzv dövlətləri ilə Azərbaycan arasında ticarətin təşviqi, Səudiyyə Ərəbistanının Yanbu şəhərinin Ticarət və Sənaye Palatasının sədri Murad Əli Alorvai turizm və investisiya imkanları mövzusunda təqdimatlarla çıxış ediblər.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev ölkəmizlə Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət əlaqələrinə dair məlumat verib, iş adamlarını fəal əməkaşlığa dəvət edib.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

 


Xəbər xətti