Oktyabrın 17-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan və Belarusdan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, turizm, konsaltinq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlıq imkanları barədə məlumat verib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycanla Belarus arasında illik ticarət dövriyyəsinin artaraq 100 milyon dollara çatdığını qeyd edib, iki ölkənin iş adamları arasında əlaqələrin genişləndiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafında Belarusda yaradılan Azərbaycanın ilk Ticarət Evinin əhəmiyyətini diqqətə çatdırıb.
Belarusun Ticarət Sənaye Palatasının rəhbəri Vladimir Ulaxoviç Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Vladimir Ulaxoviç yeni biznes əlaqələrinin qurulması baxımından işgüzar görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Biznes forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.