İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

17:10 - 17 Oktyabr 2017 - İQTİSADİYYAT

 İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, nazir, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti ölkəmizin uğurlu və hərtərəfli inkişafını qeyd edib. 2017-ci ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici ticarət dövriyyəsi 7% artmış, müsbət saldo 4,4 mlrd. ABŞ dolları olmuşdur. Bu dövrdə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard ABŞ dolları təşkil edib.

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı valyuta ehtiyatlarının artırılması, qeyri-neft sektorunun sürətli inkişafının davam etdirilməsi, ilin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həlli, infrastruktur layihələrinin icrasının, o cümlədən meliorativ tədbirlərin davam etdirilməsi,  sahibkarlığın inkişafı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmənin tam həcmdə təmin edilməsi, heyvandarlıq, pambıqçılıq, baramaçılıq, tütünçülük fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq və digər sahələrin inkişaf etdirilməsi, böyük ixraca hesablanmış logistik mərkəzlərin, aqroparkların və sənaye zonalarının yaradılmasınən davam etdirilməsi, yeni xalçaçılıq müəssisələrinin və yün tədürükü məntəqələrinin açılması, yeni otellərin tikintisi, “ASAN xidmət” mərkəzlərinin tikintisinin davam etdirilməsi, işsizliyin aşağı səviyyədə saxlanması, yeni iş yerlərinin yaradılması və s. tapşırıqlar verib.
Kollegiya iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret göstərişlər verilmiş, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
İqtisdiyyat naziri Şahin Mustafayev Kollegiya iclasında qeyd edib ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində dövlət qurumları üçün nəzərdə tutulan bütün tədbirlərin 2020-ci ilə qədər öz həllini tapmalı olduğunu vurğulayıb.
Bununla əlaqədar olaraq, Kollegiya iclasında İqtisadiyyat Nazirliyinin Strateji Yol Xəritələrində həmicraçı olduğu 364 tədbir, o cümlədən əsas icraçı olduğu 135 tədbir üzrə görülmüş işlər barədə Nazirliyin aidiyyəti üzrə əlaqələndirici məsul əməkdaşlarının hesabat məruzələri dinlənilmiş, digər icraçı qurumların nümayəndələrinin də iştirakı ilə 64 işçi qrupun yaradıldığı vurğulanmış, bu işçi qrupların, habelə Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icra intizamına onlayn nəzarət edilməsi və hesabatlılığın təmin olunması məqsədilə yaradılmış “Elektron portal”ın fəaliyyəti barədə məlumat verilib.
İclasda Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin tam, vaxtında və keyfiyyətlə icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq struktur bölmənin yaradılması, İqtisadiyyat Nazirliyi üçün müəyyən olunmuş vəzifələrin icrası barədə məlumatlandırılmanın təkmilləşdirilməsi və əhatəliliyinin artırılması, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə mütəmadi görüşlərin keçirilməsi və məlumat mübadiləsinin genişləndirilməsi qərara alınıb.
Kollegiya iclasında həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri təqdim olunub.

Xəbər xətti