İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu oktyabrın 13-də Daşkəsən rayonunda keçirib.
İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, SKMF tərəfindən Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4000-dək yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 423 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, üzümçülük, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 40-dək yeni iş yerinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində Daşkəsən rayonunda dövlətin güzəştli krediti ayrılmış heyvandarlıq təsərrüfatına baxış keçirilib.