OPEK-in baş katibi: Azərbaycan Vyana sazişinin öhdəliklərini tam yerinə yetirir
10:08 - 8 Oktyabr 2017 - İQTİSADİYYAT
Azərbaycan neft hasilatının azaldılması üzrə OPEK və quruma daxil olmayan ölkələr arasındakı Vyana sazişinin öhdəliklərini tam yerinə yetirir.
Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
O vurğulayıb ki, Azərbaycan Vyana sazişinə sadiqliyini nümayiş etdirir: “Bu sadiqlik bizim ümumi işimiz – neft bazarının balanslaşdırılması üçün nümunədir”.
Baş katibin sözlərinə görə, Vyana sazişinin şərtlərinin yerinə yetirilməsinə nəzarət üçün birgə çərçivələrin yaradılması unikal və yeni bir addımdır. O qeyd edib ki, bu çərçivələr OPEK-in şəffaflığı, açıqlığı və məlumat mübadiləsini dəstəklədiyinin göstəricisidir: “Sazişin şərtlərinin bütün iştirakçılar tərəfindən yerinə yetirilməsinin qiymətləndirilməsi həm OPEK üzvləri, həm də quruma daxil olmayan ölkələr tərəfindən həyata keçirilir. Bunun üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb. Bu komitəyə OPEK-dən Küveyt, Əlcəzair və Venesuela, quruma üzv olmayan ölkələrdən Rusiya və Oman daxildir. Komitəyə dəstək üçün Birgə Texniki Komitə də yaradılıb ki, bu da OPEK katibliyi ilə birgə fəaliyyət göstərir”.
Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatlarına əsasən, sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 785,7 min barrel olub.